29 C
Baku
Monday, July 15, 2024

Sürətli amortizasiya

Müəllif: Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev

İqtisadi nəzəriyyədə əsas vəsaitlərin fiziki və mənəvi cəhətdən köhnəlməsi amortizasiya adlandırılır. Təsərrüfat fəaliyyətində istifadə olunan əsas vəsaitlərin fiziki köhnəlməsi onların dəyərinin müəyyən normalar daxilində istehsal olunan malların (işlərin, xidmətlərin) dəyərinə aid edilməsi şəklində baş verir. Təcrübədə amortizasiyanın iki cür norması fərqləndirilir: bunlardan biri mühasibat uçotu, digəri isə vergitutma məqsədləri üçün nəzərdə tutulur.

Vergitutma məqsədləri üçün müəyyən olunmuş amortizasiya normaları amortizasiya ayırmalarının xərcə silinməsinin vergi tənzimlənməsi məqsədini daşıyır. Bu normalar üzrə hesablanmış amortizasiya ayırmaları xərclərə aid edilməklə vergi tutulan mənfəəti azaldır və həmin məbləğ müəssisənin sərəncamında qalan mənfəətin formalaşmasında istifadə olunur. Buna görə də əsas vəsaitlərin vergi məqsədləri üçün amortizasiya olunması mexanizminin düzgün müəyyən edilməsi vacib məsələlərdən biridir. Onun optimal həlli istehsalın genişləndirilməsində və elmi-texniki inkişafa investisiya qoyuluşları üçün maliyyə mənbəyinin yaradılmasında böyük rol oynayır.

Beynəlxalq təcrübədə fizki və mənəvi cəhətdən köhnəlmiş əsas vəsaitlərin silinməsi prosesinin sürətləndirilməsi və onların daha müasirləri ilə əvəz olunmasının stimullaşdırılması məqsədilə sürətli amortizasiya mexanizminin tətbiqinə geniş yer verilir. Sürətli amortizasiya, adətən, mövcud amortizasiya normalarının iki dəfəyədək artırılmasını nəzərdə tutur. Artırılmış amortizasiya normaları tətbiq olunmaqla istehsal prosesində istifadə edilən əsas vəsaitlərin tez bir zamanda aşınması baş verir. Hesablanmış amortizasiya ayırmaları xərcə aid edilməklə vergi yükü aşağı salınır və müasir avadanlıqların alınmasına sərf ediləcək sərbəst vəsaitlərin formalaşdırılmasına imkan yaranır.

Mahiyyət etibarilə sürətli amortizasiya mexanizminin tətbiqi əsas vəsaitlərin dəyərinin amortizasiya ayırmaları şəklində silinməsi tempinin həmin vəsaitlərin istehlak xassələrinin və dəyərinin itirilməsi tempinin üstələməsini nəzərdə tutur. Qeyd etmək lazımdır ki, sürətli amortizasiya mexanizminin tətbiqinin yüksək rentabelliyə malik olan müəssisələr tərəfindən seçilməsi daha məqsədəuyğundur. Çünki belə müəssisələrin istehsal etdiyi məhsulun dəyəri bazar qiymətlərindən xeyli aşağı olduğundan sürətli amortizasiyanın tətbiqi zamanı onların məhsulun maya dəyərini artırmağa imkanları olur. İstehsal etdikləri məhsullarının maya dəyəri bazar qiymətinə kifayət qədər yaxın olan müəssisələrə gəldikdə isə vəziyyət bir qədər dəyişir. Belə ki, maya dəyərinin istənilən artımı, o cümlədən sürətli amortizasiya nəticəsində amortizasiya ayırmalarının artması müəssisəni istehsal olunan məhsulların satış qiymətini artırmağa məcbur edir. Məhsulun qiymətinin artırılması isə onun satış həcminin aşağı düşməsinə gətirib çıxaracaqdır. Ona görə də müəssisə sürətli amortizasiyanı tətbiq etməyə maraqlı olmur. Bu zaman müəssisələr tərəfindən nəinki sürətli amortizasiya tətbiq edilmir, hətta mövcud amortizasiya normalarının aşağı salınması ilə bağlı tədbirlər görülür. Sürətli amortizasiyanın tətbiqinin məqsədəuyğun olmadığı başqa bir hal isə minimum bazar qiyməti ilə məhsul buraxılışı strategiyasının həyata keçirilməsidir.

Məlum məsələdir ki, az xərclər hesabına rəqabətqabiliyyətli məhsulun buraxılması bazar iqtisadiyyatı şəraitində uğurlu biznes fəaliyyətinin ən əsas amillərindəndir. Buna nail olunması üçün istehsalçı istənilən vaxt daha proqressiv, qənaətcil texnika və texnologiyaya tez bir zamanda keçmək imkanına malik olmalıdır. Bu məqsədlə lazım olan kapital qoyuluşlarının əldə olunmasını təmin edən iqtisadi alətlərdən biri də sürətli amortizasiya mexanizminin tətbiqidir.

Beynəlxalq Valyuta Fondunun ekspertlərinin fikrincə, sürətli amortizasiyanın tətbiq olunması iqtisadi tənəzzül şəraitində daha çox səmərə verir. Bundan irəli gələrək, dünyada baş verən iqtisadi böhranla əlaqədar ABŞ-da qəbul edilmiş antiböhran proqramına əsasən, müəssisələrə sürətli amortizasiya tətbiq etməklə köhnəlmiş əsas vəsaitləri silmək imkanı verilmişdir. Bu isə şirkətlərə büdcəyə ödənilməli olan vergilər üzrə təxminən 38 mlrd. dollar həcmində vəsaitə qənaət etməyə şərait yaradır.

Ümumiyyətlə, beynəlxalq təcrübədə sürətli amortizasiyanın tətbiqi öz müsbət tərəflərini göstərmişdir. Müxtəlif ölkələrdə sürətli amortizasiyanın tətbiqinin müxtəlif metodları mövcuddur. Misal üçün, Almaniyada istehsal binalarının və avadanlıqlarının amortizasiya normaları onlardan istifadənin birinci dörd ilində 10%, növbəti 3 ildə 5%, qalan 18 ildə 2,5% həcmində müəyyən edilmişdir. Kanadada isə təsərrüfat subyektləri əsas vəsaitlərin istifadə müddətlərini, amortizasiya normalarının maksimum və minimum hədlərini sərbəst qaydada müəyyən edə bilirlər.

Azərbaycanda əsas vəsaitlərin və digər aktivlərin vergitutma məqsədləri üçün amortizasiya normalarının maksimum hədləri Vergi Məcəlləsi ilə müəyyən olunmuşdur ki, bu da təsərrüfat subyektlərinə aktivlərin amortizasiyanı qoyulmuş həddən artıq olmamaqla sərbəst şəkildə tənzimləməyə imkan vermişdir. Bundan əlavə, qalıq dəyəri 500 manatadək olan əsas vəsaitlərin dəyərinin gəlirdən çıxılan xərclərə aid edilməsi barədə normanın Vergi Məcəlləsinə daxil edilməsini də köhnəlmiş əsas vəsaitlərin silinməsi prosesini sürətləndirən bir tədbir kimi qiymətləndirmək olar.

Son xəbərlər
Digər xəbərlər