Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisədə 216,4 milyon manat və ya 16,6% çoxdur.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabr ayı üzrə statistik bülletenində bildirilir.

Hesabat dövründə banklara daxil olan pul köçürmələrinin sayı isə 2 milyon 503,1 mindən 2 milyon 168,2 minə enib. Beləliklə, əməliyyatların sayı illik müqayisədə 13,4% azalsa da, köçürülən vəsaitin həcmi artıb.

Nəticədə bir daxilolma əməliyyatının orta məbləği ötən ilin eyni dövründəki 522 manatdan təxminən 702 manata yüksəlib.

2026-cı ilin ilk doqquz ayında sürətli pul köçürmə sistemləri vasitəsilə banklardan kənara göndərilən vəsaitlərin həcmi 360,3 milyon manat təşkil edib.

Bu, ötən ilin eyni dövründəki 362,3 milyon manatla müqayisədə 2 milyon manat və ya 0,6% azdır.

Banklardan göndərilən köçürmələrin sayı isə 741 mindən 559,4 minə enərək 24,5% azalıb.

Beləliklə, ilk doqquz ayda sürətli pul köçürmə sistemləri üzrə banklara daxil olan və banklardan göndərilən vəsaitlər arasındakı müsbət fərq 1 milyard 162,8 milyon manata çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 944,4 milyon manat idi.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər