Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirən Süveyş kanalından əldə olunan gəlirlər bu ilin ilk 11 günündə illik müqayisədə 40% azalıb.
Bunu kanal idarəsinin rəhbəri Usamə Rabia bildirib.
Onun sözlərinə görə, azalmaya əlverişsiz hava şəraiti səbəb olub.
Rabia qeyd olunan müddətdə kanalla tranzit daşımaların 30% azaldığını, oradan keçən gəmilərin sayının isə 544-ə düşdüyünü açıqlayıb.
Xatırladaq ki, 2023-cü ilin sonunda Yəmənin “Ənsar Allah” hərəkatının Qırmızı dənizdəki gəmilərə hücumları nəticəsində Süveyş kanalı ilə yük daşımaları 28% azalıb. Onların gəmilərə hücumları İsraillə HƏMAS hərəkatı arasında gedən müharibə fonunda daha tez-tez baş verir.
Yanvarın 12-də ABŞ və Böyük Britaniya Yəməndəki husilərin mövqelərinə zərbələr endirib.