“Suzuki Motor Company” 40 ildən çox Yaponiyanın üçüncü ən böyük avtomobil istehsalçısına rəhbərlik edən Osamu Suzukinin vəfat etdiyini açıqlayıb. Cənab Suzuki 94 yaşında bədxassəli lenfoma səbəbindən dünyasını dəyişib.
O, Suzuki soyadını 1958-ci ildə “Suzuki Motor”un yaradıcısının nəvəsi və prezidentinin qızı Soko Suzuki ilə evlənəndə götürüb. Əvvəllər isə, Matsuda soyadını daşıyıb, Tokioda universitetin hüquq fakültəsini bitirib və bank sektorunda işləyib.
Cənab Suzuki istehsalı əhəmiyyətli dərəcədə genişləndirə bilib. 2015-ci ildə 85 yaşında Osamu Suzuki prezident səlahiyyətlərini oğlu Tosihiroya verib, özü isə 2021-ci ilə qədər direktorlar şurasının sədri, sonra isə şirkətdə məsləhətçi vəzifəsində çalışıb.
Ömrü boyu o, kiçik avtomobilləri çox sevib. “Kiçik olmaq gözəldir. Almaz çox kiçik olsa belə parıldayır”, – Suzuki deyib.