3 C
Baku
Monday, March 4, 2024

SWIFT AMB-yə informasiya təhlükəsizliyinin təmin olunmasını tövsiyə edib

Qlobal Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) üzvü olan bütün təşkilatlara ünvanlanan, beynəlxalq aləmdə son zamanlar baş verən kibercinayətkarlıq ilə bağlı tövsiyə məktubu Azərbaycan Mərkəzi Bankına (AMB) da daxil olub.

APA sorğusuna cavab olaraq AMB-dən bildirilib ki, məktubda bütün üzv təşkilatlara SWIFT-in informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində buraxdığı proqram təminatı yeniliklərinin verilən qrafik əsasında tətbiq edilməsi tövsiyə olunub. “Eyni zamanda bildirilir ki, SWIFT şəbəkəsindən istifadə üzrə təhlükəsizlik qaydalarına daha ciddi riayət olunmalı, səlahiyyətlər bölgüsünə, identifikasiya və autentifikasiya kimi məsələlərə nəzarət gücləndirilməlidir”, – deyə məlumatda vurğulanıb.

AMB-dən bildirilib ki, Mərkəzi Bankın ödəniş və digər sistemlərində informasiya təhlükəsizliyinin təmin olunması üçün müvafiq qanunvericilik aktlarının tələbləri əsasında akreditasiya olunmuş “Bank Sertifikat Xidmətləri Mərkəzi” yaradılıb və bütün sistemlərin iştirakçısı olan maliyyə təşkilatları ilə informasiya mübadiləsi bu mərkəzdən alınmış elektron sertifikatlardan istifadə olunmaqla həyata keçirir: “Eyni zamanda SWIFT-in informasiya resurslarına inteqrasiya olunmuş ödəniş sistemlərində informasiya təhlükəsizliyinin təmin olunması üçün ən müasir metodlardan istifadə olunur və Cəmiyyətin informasiya təhlükəsizliyi istiqamətində buraxdığı bütün proqram təminatı yenilikləri qrafik əsasında vaxtında tətbiq edilir”.

Xatırladaq ki, SWIFT beynəlxalq maliyyə sistemi Mərkəzi Banklara ünvanladığı məktubda onları yeni haker hücumları dalğası barədə məlumatlandırıb. Məktubda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyinə diqqət çəkilib: “Haker hücumlarının bəziləri uğursuzluğa düçar olsa da, bəziləri kibercinayətkarlar üçün uğurlu olub. Hücumlar fevral ayında Banqladeş Mərkəzi Bankına olunan hücumların ardı kimi qiymətləndirir”.

Son xəbərlər
Digər xəbərlər