12 C
Baku
Saturday, November 23, 2024

SWIFT ödəniş sistemi. Sanksiya aləti

Orta yaşlı nəsil “sanksiya” sözünü Amerika Birləşmiş Ştatlarını keçmiş sosialist dövlətlərə tətbiq etdiyi qadağa və təcridlər vasitəsilə xatırlayır. İllərdir demək olar ki, Şimali Koreya, İran və Kuba ilə əbədiləşən sanksiyalar, indi demək olar ki, ABŞ-a tabe olmayan bütün ölkələr üçün təhlükə yaradır.

Sanksiyalar şirkətlərlə yanaşı, banklar və ölkənin ticarət ödəniş vasitələrini iflic vəziyyətə salır. Müasir dünyada bankları dünyadan təcrid etməyin çox sadə yolu onları ödəniş sistemindən təcrid etməkdir. Məsələn, ABŞ İrana sanksiya tətbiqi kimi İran Mərkəzi Bankını, İranın bank sisteminə daxil bütün bankları SWIFT (Society for Worldwide Interbank Financial Telecommunications) ödəniş sistemindən təcrid edir və iqtisadiyyatını boğur. Bu təhlükəni hiss edən Rusiya bugünlərdə yeni, ABŞ-ın sanksiyalarına boyun əyməyəcək ödəniş sisteminin üzərində çalışdığını açıqladı. Maraqlıdır ki, Avropa Birliyinin lideri Almaniya da birlikdə yeni belə sistemə ehtiyac olduğunu açıqladı.

Bəs SWIFT ödəniş sisteminin dünya ticarətində rolu nədir? SWIFT sistemi niyə ABŞ-ın bütün sanksiyalarına boyun əyməyə məcburdur? ABŞ-ın olmayacağı yeni ödəniş sistemi realdır mı?

1973-cü ildə yaradılan SWIFT ödəniş sistemi banklararası mesajlaşma sistemidir. Sadə dillə desək, hər gün milyonlarca ödəniş və ya pul köçürməsi bu sistem vasitəsilə bankların balansında əks olunur. Məsələn, Azərbaycanın X şirkəti mal aldığı, xarici ölkədə yerləşən Y şirkətinə ödəniş etmək üçün ya pulu nağd olaraq aparmalı, ya da banka Y şirkətinin bank rekvizitlərini göstərərək, ödəniş edilməsini təmin etməlidir. Azərbaycanda yerləşən bank isə ödənişi etmək üçün SWIFT sisteminə qoşulmalıdır. Əks halda digər ölkədə yerləşən bank X şirkətinin ödənişi barədə məlumat ala bilməz. Praktikada, məsələn sanksiyaların hədəfi olan İran neft ixrac etdikdə, əldə edəcəyi vəsaiti elektron olaraq ala bilmir və çantalarla pulu ölkəyə daşımaq məcburiyyətində qalır. Yəni, sistem praktiki olaraq banklara ödəniş mesajını çatdırır. SWIFT sistemi Belçikada qeydiyyatdan keçib və şirkətin fəaliyyətinə G-10 (iqtisadiyyatı ən böyük 10 ölkə) ölkələrinin mərkəzi bankları tərəfindən nəzarət edilir. SWIFT şirkət kimi Avropa Birliyinin ticarət qanunlarına tabedir. Dünyada 11,000 bankı özündə birləşdirən sistem gündəlik olaraq ortalama 30 milyon SWIFT mesajı emal edir. Bu ödəniş sistemi dünyada ilk və yeganə deyil, sadəcə olaraq dünyanın ən səmərəli və sürətli maliyyə mesajlaşma xidməti kimi tanınır.

Giriş hissəsində qeyd edilən suallardan birincisinə cavab verdikdən sonra, bu sistemin ABŞ sanksiyalarına boyun əyməsinin səbəbini izah etməyə çalışacağıq. Mövzuya başlamaq üçün bəlkə də artıq diqqətinizi çəkən bir xüsusiyyətə toxunmaq lazımdır. SWIFT sistemi faktiki olaraq Avropa Birliyinin qanunlarına tabedir və Avropada yerləşir, ancaq elə Avropa özü də bu sistemə alternativ axtarır. ABŞ öz qanunlarına tabe olmasa da, hər sanksiya tətbiq etdikdə faktiki olaraq SWİFT şirkətinin özünü bu sanksiyalara cəlb edəcəyi ilə hədələyir. Yəni, ABŞ prezidentləri ABŞ-ın tətbiq etdiyi sanksiyaya tabe olmasa, sistemin bütün fəaliyyətini ölkə içərisində dondura bilər. Sistem özündən asılı olmayaraq, bu sanksiyalara tabe olmalıdır, çünki əməliyyatlarının 90%-ni ABŞ bankları vasitəsilə həyata keçirir. Həmçinin, SWIFT şirkətinin əsas səhmdarları şirkətin fəaliyyətini tənzimləyən banklardır ki, onlar da əsasən ABŞ banklarının nümayəndələrindən ibarətdir. ABŞ vətəndaşları isə öz hökümətləri tərəfindən tətbiq edilən sanksiyalara qanunla tabe olmalıdırlar. Faktiki olaraq, ABŞ SWIFT şirkətini və onun rəhbərlərini sanksiya və cinayət işləri ilə hədələyərək və bir az da bazarda monopolistik gücündən də istifadə edərək, onu məcburi qaydada sanksiya alətinə çevirir.

Əslində SWIFT sistemi siyasətə qoşulmayacağını iddia etsə də, faktiki olaraq artan təzyiq qarşısında bitərəf qala bilmir. Belə siyasi tərəfkeşlik və ABŞ-ın alətinə çevrilməyi, bu sistemə olan inamı azaldır. Dollara alternativ tapmaq istəyən dünya, ödəniş sistemlərinə də alternativ tapmalıdır. ABŞ banklarının iştirakı olmadan yeni sistem qurmaq real məsələ kimi görünmür. Çünki dünyada ticarətin də böyük hissəsi ABŞ-ın milli valyutası dollarla aparılır və güc yenə də ABŞ-ın əlində qalacaqdır.

  — Müəllif —
Ali Dadashzade, ACCA

Son xəbərlər
Digər xəbərlər