Cari ilin əvvəlində xakerlər Banqladeş Mərkəzi Bankı adından 35 yalan məlumat göndərərək pul vəsaitləri köçürməyə cəhd ediblər. Köçürmələrin əsas hissəsi dayandırılsa da, xakerlər 81 mln. dolları köçürməyə imkan tapıblar. Bu günə qədər vəsaitləri və xakerlərin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Reportun məlumatına görə, 2015-ci il yanvarın 12-də isə Ekvadorun “Banco del Austro” bankından San-Fransiskoda yerləşən “Wells Fargo” bankına pul vəsaitlərinin Honq-Konqa köçürülməsi ilə bağlı müraciət göndərilib. “Wells Fargo” təbii ki, bu əməliyyatı yerinə yetirib və 12 mln. dollar qorunan SWIFT sistemi ilə lazımi hesablara köçürülüb.
Qeyd edək ki, SWIFT (Society for Worldwide Interbank Financial Telecommunications) hazırda qlobal maliyyə bazarlarında, əsasən də banklar arasında maliyyə əlaqələrini yaradan və yüksək təhlükəsizliyə sahib olan sistemdir. Bu sistem vasitəsilə hər gün maliyyə təşkilatları arasında 7 mln.-a yaxın əməliyyat həyata keçirilir. Sistemin 209 ölkədə 11 minə yaxın üzvü qeydə alınıb və bunun 9 minini banklar təşkil edir.
Xatırladaq ki, Azərbaycanda da əksər banklar SWIFT sisteminə qoşulub. Sistemə qoşulmaq üçün ödəniləcək məbləq 400 min Belçika frankı (11 200 ABŞ dollar) təşkil edir.