29 C
Baku
Wednesday, July 24, 2024

Tələbə köçürülməsi ilə bağlı hansı dəyişikliklər olacaq?

Ötən gün Elm və Təhsil Nazirliyi tələbə köçürülməsi prosesinin dayandırıldığını bildirdi. Qeyd edildi ki, hazırda təhsilin müxtəlif pillələrində təhsil alan tələbələrin köçürülməsi ilə bağlı qanunvericilikdə dəyişikliklər hazırlanır. Məsələ geniş şəkildə Milli Məclisdə və ictimaiyyətdə müzakirə olunur.

Bu səbəbdən 2022-2023-cü tədris ilinin qış tətili müddətində transfer.edu.az portalı vasitəsilə respublika daxilində, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrindən (bir ixtisasdan və (və ya) təhsilalma formasından digərinə) tələbələrin köçürülməsi həyata keçirilməyəcək. Tələbələrin respublika daxilində və xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülməsi, həmçinin tələbələr sırasına bərpası məsələlərinə növbəti dəfə 2022-2023-cü tədris ilinin yay tətili müddətində baxılması nəzərdə tutulur.

Bəs tələbə köçürlməsi prosesində hansı dəyişikliklər gözlənilir?

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov qeyd edib ki, tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Elm və Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir.

“Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) icazə verilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra – qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.

2016-cı ildən etibarən Azərbaycanda tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilir. Bu qayda eləcə də orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsil alanlara da aiddir. Bu o deməkdir ki, oxuduğu ixtisasdan razı qalmayan tələbə getmək istədiyi universitetin rektorunu, prorektorunu, dekanını “görmədən” bu istədiyi həyata keçirə bilər.

Amma indiyə qədər bu problemi həll etmək üçün 99 faiz qeyd olunan instansiyaları “görməli” idin. Təəssüf ki, bir neçə il əvvəl elə biabırçı tələbə köçürülmələri edilirdi ki, adam özü utanırdı. Məsələn, Solo oxumaq, Xalq çalğı alətləri ixtisasından birbaşa Universitetin Tarix, Hüquq fakültəsinə köçürülmə mümkün idi.

Amma indi bu proses qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunan eyni ixtisas qrupu daxilində olmalıdır. Yəni, siz qəbul olduğunuz ildə yaxşı bal toplamısız, amma doğru ixtisas seçimi etməmisiniz, ya da oxuduğunuz ixtisas ürəyinizcə deyilsə, elm və təhsil nazirliyi imkan verir ki, balınız uyğun gəlirsə, rahatlıqla, heç kimi görmədən, xərcə düşmədən köçürülmənizi edin”, – deyə o vurğulayıb.

Ekspert bildirib ki, artıq yeni qaydalara ehtiyac var.

“Burada qaydalar daha sadə olmalıdır. Bunun üçün mövcud normativ hüquqi baza yenilənməlidir. Həmçinin köçürülmə zamanı ali təhsil müəssisəsinin qəbul edə biləcəyi tələbə sayı elan olunmalıdır. Bundan başqa köçürülmə üçün müraciət edən şəxsin ümumi orta müvəffəqiyyət göstəricisi, akademik göstəricisi nəzərə alınmalıdır.

Mövcud qanunvericiliyə görə, ildə iki dəfə – qış və yaz sessiyasında tələbə köçürülməsinə icazə verilir. İndiyə kimi hər sessiyada ən azı 1500, 1600 tələbənin köçürülmə tələbinə müsbət baxılıb. Ancaq bundan sonra problemlər ortaya çıxırdı. Tələbələr köçürüləndən sonra ciddi şəkildə imtahan fərqləri ilə üz-üzə qalırdı. Tələbələr vaxtında təhsillərini başa vura bilmirdilər. Onların akademik göstəriciləri nəzərə alınmırdı. Məhz bütün bunlar yeni qaydaların müəyyənləşdirilməsini zəruri edir”, – deyə K.Əsədov qeyd edib.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov isə deyib ki, artıq tələbə köçürmələrinin qanunla tənzimlənməsi nəzərdə tutulur.

“Əvvəlki qaydalardan razı deyiləm. Biz mütləq şəkildə çərçivələri yenidən müəyyən etməliyik. Tələbə köçürülməsinin elektronlaşdırma prosesində əsas məqsəd şəffaflığın təmin olunması idi. Lakin əvvəlki qaydalarda bir çox məqamlar var ki, düşünürəm ki, onlara ehtiyac yoxdur. Məsələn Bakıdan regionlara köçürülmə prosesində qəbul balları nəzərə alınmır. Bakıda 4 il oxuyan, göstəriciləri kifayət qədər aşağı olan tələbə 4-cü kursda ixtisasını dəyişmə qərarı alır və köçürülmə ilə bağlı müraciət edir. Bu tələbə görür ki, Bakıda oxuduğu ixtisas üzrə regionda müvafiq ixtisas yoxdur və düşünmədən ixtisası dəyişir regionlardakı müvafiq universitetə köçürülməsi həyata keçirilir. Tələbə həmin qaydalar çərçivəsində çıxış edir, amma göründüyü kimi qaydalarda boşluqlar var.

Hesab edirəm ki, dəyişikliklər barədə mütləq şəkildə mütəxəssislərlə müzakirələr keçirilməlidilir”, – deyə İ.Orucov əlavə edib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər