15 C
Baku
Saturday, April 20, 2024

“Tənbəllik” anlayışı yoxdursa, insanların tənbəl olmasının səbəbi nədir?

Çikaqodakı Loyola Universitetinin professoru Devon Prays, insanları öz işlərindən yayındıran əsas amillərdən danışdı.

Altı ildən çox müddətdə dərs deyirəm və bu müddət ərzində müxtəlif tələbələrə dərs demişəm. Qeyd edim ki, onların əksəriyyəti tənbəllik edirdi, ev tapşırıqlarını yerinə yetirmirdi və bəzən dərsdən yayınırdı. Buna baxmayaraq, çox istedadlı olan tələbələrim olub. Onlar elmlər doktoru olmaq istəsələr də, dissertasiya işini yazmağa tənbəllik edirdilər. Bir dənə də tələbəm var idi. O mənim tədris etdiyim fəndən iki dəfə imtahan verdi və yenə də uğurlu nəticə əldə edə bilmədi.

Mən düşünmürəm ki, bütün bunların əsas səbəbi tənbəllikdir. Məncə, tənbəllik ümumiyyətlə mövcud deyil.

Tənbəllik məhkumluq hökmü kimi

Əgər başqasının davranışı sizə aydın deyilsə, onu günahlandırmağa tələsməyin. Bəlkə də, vəziyyəti tam olaraq görə bilmirsiniz. İnsanlar evsizləri içki içməkdə günahlandırmağa meyllidirlər. Lakin körpünün altındakı qutuda yatmalı olduğunuz zaman – soyuqda və aclıqda – yuxuya getməyin yeganə yolu bir qurtum viski ola bilər.

İnsanlar həmçinin tənbəlliyə görə günahlandırmağı sevirlər. Hətta tənbəllik edən insanlar da bu cür düşünürlər. Sən bu işi etməlisən, əks halda uğursuzsan. Elə deyilmi? Deməli, iradən, motivasiyan yoxdur və ümumiyyətlə sən tənbəlsən.

Niyə insanlar tənbəllik edirlər?

On illərdir ki, psixoloqlar tənbəlliyin funksional bir problem olduğunu sübut etməyə çalışırlar. Əgər insan işə başlaya bilmirsə, çox güman ki, bunun səbəbləri aşağıdakılardır:

  • narahatdır və düşünür ki, bu işə “layiq deyil”
  • nədən başlamaq lazım olduğunu bilmir

Etməli olduğunuz iş nə qədər vacibdirsə, tənbəllik etməyinizin ehtimalı bir o qədər yüksəkdir.

Əgər uğursuzluq qorxusu səni iflic edirsə və ya siz nədən başlamalı olduğunuzu bilmirsinizsə, lənət olsun, oturub işi başdan sona qədər yerinə yetirmək çox çətindir.

Motivasiya və mənəvi dəyərlər sizə kömək etməyəcək.

Bu və ya digər işi təxirə salan insanlar, saatlarla qabağına boş vərəq qoyub otura bilərlər. Onlar stress hiss edirlər və belə olduqda, başlamaq daha çətin olur.

Yaxşı olar ki, bir addım geri çəkiləsiniz. Kompüterdən və ya alətlər qutusundan uzaqlaşın, fikrinizi başqa bir şeyə yönəldin.

Böyük layihəni kiçik hissələrə parçalayın. Düzdür, bunu bacara bilməyən insanlar da var. Onlar ittihamlara deyil, məsləhətinizə ehtiyac duyurlar.

Stress, pozuntular və qorxu

Dərslərə tez-tez gəlməyən bir tələbəm var idi. Gələndə isə arxa masada oturub sadəcə susurdu. İş yoldaşlarım onu tənbəl adlandırırdılar.

Bir dəfə psixiki pozuntular və onların insanların həyatına göstərdiyi mənfi təsir mövzusunu müzakirə edirdik. Dərsin sonunda bu tələbə mənə yaxınlaşdı və dedi: “Mən də belə xəstəliklərdən biri ilə mübarizə aparıram. Qəbul etdiyim həblər mənim koqnitiv bacarıqlarıma təsir göstərirlər. Onları qəbul etməsəm, bir yerdə dayana bilmirəm”.

O, təhsil, iş və müalicə arasında qalmışdır, eyni zamanda insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirdi. İş yoldaşlarıma əsəbiləşdim, çünki onlar bu tələbəni simptomlarına görə özünü günahkar hiss etməyə məcbur etdilər. O, tənbəl deyil, lənətlənmiş qəhrəmandır!

Eyni universitetdə bu kimi hallara çox rast gəlmişəm. Bir oğlan həmişə gecikirdi, çünki obsessiv-kompulsiv pozuntudan əziyyət çəkirdi. Digər bir tələbəm isə qrup yoldaşının hücumunun qurbanı oldu və istintaq prosesi başa çatana qədər hər gün onunla eyni otaqda dərslərdə iştirak etməyə məcbur idi.

Buna görə, insanı tənbəllik və məsuliyyətsizlikdə günahlandırmağa tələsməyin – ilk növbədə bunun səbəbini öyrənin.

Tənbəllik mövcud deyil

İnsanlar heç bir səbəb olmadan uğursuzluğa məruz qalmağa meylli deyillər. Səhər yataqdan qalxa bilmirlərsə, deməli, onları tükəndirən nə isə var. Əgər işi yerinə yetirməyiblərsə, deməli, nə isə başa düşmürlər. Əgər həmişə gecikirlərsə, deməli, onların təyin olunmuş vaxtda gəlməsinə mane olan nə isə var.

Heç kim yararsız, qeyri-peşəkar və apatiyalı olmağı seçmir. Əgər insanın davranışını görüb onun tənbəl olduğunu düşünürsünüzsə, nə isə nəzərinizdən qaçıb. Həmişə hansısa baryerlər və sizin görə bilmədiyiniz şeylər var. Daha diqqətcil olmağa çalışın.

Son xəbərlər
Digər xəbərlər