5 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

“Tərtər işi” yenidən araşdırılacaq – İstintaq qrupu yaradıldı

Azərbaycan Baş Prokurorluğunda “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradılıb.

Banker.az xəbər verir ki. “Qafqazinfo”nun məlumatına görə, “Tərtər işi”nin Baş Prokurorluqda yenidən istintaq olunmasına başlanılıb.

Bu məqsədlə yaradılan istintaq qrupuna digər hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb edilib. Baş vermiş hadisənin bütün detallarının ən incə xırdalıqlarına qədər araşdırılması, prosesdə iştirak edən bütün şəxslərin dindirilməsi və ortaya tam obyektiv nəticə qoyulması ilə bağlı tapşırıq verilib.

Xatırladaq ki, Tərtərdə hərbi hissədə baş vermiş hadisələrə görə 2017-ci ilin may ayında cinayət işi başlanıb. Sonradan “Tərtər işi” adlanan və bu günə qədər müzakirə edilən işlə bağlı Hərbi Prokuror Xanlar Vəliyevin verdiyi açıqlamaya görə, istintaqın ilk mərhələsində hərbi hissədə kütləvi şəkildə hərbçilərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilib: “Nəticədə biz cinayət işi başlayanadək bir nəfər şəxs vəfat etmişdi. Mənim tələbimlə Müdafiə Nazirliyinin Tibb xidmətindən gələn böyük bir briqada həkimləri oradakı şəxsləri müayinə etdi. Çox ciddi fiziki zorakılıq tədbirlərinə məruz qalanlar Mərkəzi Hospitala yerləşdirildilər. Həmin adamların böyük bir qisminin həyatı xilas edildi. İşgəncə faktı ilə bağlı cinayət işi başlandı və 16 nəfər müxtəlif vəzifəli şəxslər məsuliyyətə cəlb edildi. Sonra barələrində müxtəlif uzunmüddətli azadlıqdan məhrumetmə ilə bağlı hökmlər verildi. Onların hökmdə verdikləri şikayətləri apellyasiya və kassasiya instansiyaları təmin etmədi”.

 

Son xəbərlər
Oxşar xəbərlər