5 C
Baku
Bazar, Noyabr 28, 2021

Təyyarə istehsalçısı 30 mlrd. dollarlıq böyük sifariş alıb

Fransanın “Airbus” şirkəti 255 təyyarə üçün “Wizz Air” (Macarıstan), “Frontier” (ABŞ), “Volaris” (Meksika) və “JetSmart” (Çili, Argentina) şirkətlərindən böyük sifariş alıb.

Banker.az xəbər verir ki, bütün bu aviadaşıyıcılar “Indigo Partners” investisiya şirkətinin aktivlərinin bir hissəsidir. “Bloomberg” sifarişi 30 milyard dollardan yüksək qiymətləndirib və “meqasifariş” adlandırıb.

Verilən məlumata görə, “Indigo Partners” və “Airbus” arasındakı razılaşma Dubayda imzalanıb.

Ən çox təyyarə Macarıstanın “Wizz Air” aviaşirkəti sifariş edib – 102. Onun ardınca amerikan loukoster “Frontier” (91), “Volaris (39) və “JetSmart” (23) gəlir.

Mütəxəssislər təyyarələrə olan tələbatın artmasını bazarın pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdığını nümayiş etdirdiyini hesab edirlər. “Indigo Partners”in həmtəsisçisi və idarəedici tərəfdaşı Bill Franke, tədarükün əsas hissəsinin 2025-ci ildən etibarən həyata keçiriləcəyini vurğulayır.

2020-ci ildə “Airbus” təyyarələrinin tədarükünün üçdə bir (566 təyyarəyə qədər) azalmasına baxmayaraq, şirkət yaxın iki ildə istehsalı pandemiyadan əvvəlki dövrdən yuxarı səviyyəyə çatdırmağı planlaşdırır. 2023-cü ilin ikinci rübündə “Airbus”ın hər ay 64 layner buraxması gözlənilir.

Son xəbərlər
Oxşar xəbərlər
X