9 C
Baku
Sunday, November 17, 2024

TƏBİB-in tabeliyindən çıxan müəssisələrdəki həkimlərin maaşında artım hansı qaydada olacaq?

Yanvarın 1-dən etibarən 9 tibb müəssisəsi – Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) idarəçiliyindən çıxarılaraq yenidən Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

TƏBİB-in idarəliyində olan xəstəxanalarda çalışan tibb işçilərinin əmək haqlarında mütəmadi artımlar olurdu. Səhiyyə Nazirliyinin (SN) tabeliyindəki müəssisələrdə çalışan həkimlərin maaşı isə fərqli qaydada artırılır və ödənilir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, agentlik səhiyyə işçilərinin əməkhaqlarının artırılması istiqamətində davamlı tədbirlər görür: “TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına əsasən həkimlərin əməkhaqqı tərkibi – əmək haqlarının tərkibi vəzifə (tarif) maaşından, sabit əlavələrdən, əmək şəraitinə görə ödənilən əlavələrdən, işin nəticəsinə görə həvəsləndirici əlavələrdən və Əmək Məcəlləsində, normativ hüquqi aktlarda, habelə agentliyin qərar və əmrlərində nəzərdə tutulmuş digər ödənişlərdən ibarətdir”.

Qeyd olunub ki, aparılan islahatlar nəticəsində icbari tibbi sığortanın tətbiqindən əvvəlki dövrlə (2019-cu il) müqayisədə icbari tibbi sığortanın tətbiqindən sonra (2022-ci il) minimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 3 dəfə artıb: “Belə ki, 2019-cu ildə minimum vəzifə maaşı alan həkimin əmək haqqı 406 manat olduğu halda, 2022-ci ildə bu rəqəm 1268 manat təşkil edib. Bu ilin yanvar ayından aşağıdakı tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərirlər. Həmin tibb müəssisələrinin əməkhaqlarını Səhiyyə Nazirliyi tənzimləyəcək”.

Səhiyyə Nazirliyindən isə bildirilib ki, qurumun tabeliyində olan elmi-tədqiqat institutları və mərkəzlərində çalışan tibb işçilərinə İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində göstərdikləri xidmətlərdən əldə etdikləri gəlir hesabına əməkhaqlarına əlavələrin ödənilməsi təmin olunacaq.

Nazirlikdən xatırladılıb ki, Prezidentin 13 may 2022-ci il tarixli 1677 nömrəli Fərmanına əsasən elmi tədqiqat institutları və mərkəzləri yanvarın 1-dən nazirliyin tabeliyinə verilib.

“Səhiyyə Nazirliyinin tabeliyində olan və büdcədən maliyyələşən tibb müəssisələrinin işçilərinin aylıq vəzifə maaşları Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli əsasında müəyyən olunur. Bundan əlavə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında” qərarına əsasən əmək şəraitinə, fasiləsiz əmək stajına, ixtisas dərəcəsinə, əmək şəraitinin xüsusiyyətlərinə və digər xüsusiyyətlərə görə aylıq vəzifə (tarif) maaşına əlavələr müəyyən olunur.

Elmi-tədqiqat institutları və mərkəzlərinin işçilərinin əmək haqlarına əlavələrin minimum 2022-ci ilin səviyyəsində saxlanılması üçün Səhiyyə Nazirliyi zəruri tədbirlər görür. Belə ki, Prezidentin müvafiq sərəncamına əsasən Səhiyyə Nazirliyinin tabeliyinə verilən müəssisələrin “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq icbari tibbi sığorta çərçivəsində əhaliyə tibbi xidmətlərin göstərilməsinin davam etdirilməsi təsbit olunub”, – SN-dən vurğulanıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci ildəki müvafiq qərarı ilə yuxarıda adları çəkilən tibb ocaqları Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB-in tabeliyinə verilmişdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər