Son günlər Niderland qaz habında (TTF) təbii qazın qiyməti 1 000 kub-metr üçün 478 ABŞ dollarına qədər yüksələrək son altı ayın maksimum səviyyəsinə çatıb.
Banker.az xəbər verir ki, bu günlük təqribən 59 dollar və ya 14% bahalaşmadır.
Avropa və Asiyanın bir çox hissəsində hava kəskin soyuyur, bu da isitmə üçün qazın tələbatını artırır. Temperaturun enməsi qaz istifadəsini və qış ərzində enerji ehtiyacını bir neçə dəfə yüksəldə bilər, buna görə də gündəlik istehlak və bazar tələbi güclənir.
Qaz anbarları ötən illərin orta səviyyələrindən xeyli aşağıdır — bu da bazarı daha həssas edir və hava soyuduqca qiymətlərin daha sürətlə artmasına səbəb olur. Aşağı stok səviyyələri qiymət dəyişkənliyini gücləndirir.
Avropada qaz təklifi hələ də qlobal tədarükdəki narahatlıqlardan təsirlənir. Bəzi LNG təchizatlarındakı axınlar və çıxış limitləri bazarda təklif tərəfinə təzyiq edir, bu da qiymətlərin artmasına təkan verir.
Bundan əlavə ABŞ ərazisini bürüyən “arktik soyuq dalğası” fonunda Çikaqo əmtəə birjasında 1 MMBtu (1 milyon Britaniya istilik vahidi= təqribən 28.3 kub-metr təbii qaz) təbii qazın qiyməti 5.5 dollar olmaqla tarixi maksimum yeniləyib. Son iki gün ərzində təbii qazın qiymətləri ümumilikdə 60% bahalaşıb.
Bu faktorların nəticəsində TTF qiyməti qısa müddətdə əhəmiyyətli şəkildə artıb və son dövrdə 14 %-ə yaxın həcmli günlük bahalaşma müşahidə edilib.
AZƏRBAYCAN ÜÇÜN NİYƏ VACİBDİR?
Ölkəmiz üçün hazırda ixracda 35% paya sahib olan təbii qazın qiymətli əhəmiyyətli hesab edilir. Çünki, demək olar ki, təbii qazın qiymətindəki dəyişmələr dolayısı ilə ixrac qiymətlərinə də təsir edir.
2025-ci ildə Azərbaycanın ümumi təbii qaz hasilatı təxminən 51.5 milyard kubmetr səviyyəsində olub ki, təxminən 25.2 milyard kubmetr qaz ixrac edib. Bu ixrac nəticəsində ilkin göstəricilərə əsasən, Azərbaycana 8.21 mlrd. dollar valyuta gəlib.
İxrac əsasən Avropa, Türkiyə və qonşu ölkələrə yönəldilib. Avropaya qaz təxminən 12.8 mlrd. kub-metri, Türkiyəyə 9.6 mlrd kub-metr, Gürcüstana isə təxminən 2.3 mlrd. kub-metr qaz çatdırılıb. Ötən ixrac edilən təbii qazın hər 1000 kub-metri təqribən ortalama 350 ABŞ dollarına ixrac edilib.
Gündəlik təbii qaz hasilatı isə ortalama 141 mln. kub-m həcmindədir.






