Texnologiyalar inkişaf edir və demək olar ki, hər bir biznes müəyyən mənada texniki olur və valideynlər övladlarının bu sahə üzrə təhsil almalarını üstün hesab edirlər. Lakin ekspertlərin fikrincə, proqramçı olmaq gərək deyil və 2020-ci ildə humanitar sahə üzrə təhsil almış mütəxəssislərə tələbat kəskin artacaq.
“Future Workplace”-ın tədqiqatlar üzrə direktoru və karyera inkişafına dair bir neçə kitabın müəllifi olan Den Şobel, “LinkedIn” də əmək bazarının 2020-ci ildə əsas tendensiyaları təqdim edib. Onlardan biri – humanitar sahə üzrə təhsil almış mütəxəssislərə tələbatın kəskin artmasıdır.
“Süni intellekt texniki bacarıqları avtomatlaşdırmağa və yaradıcılıq, kommunikasiya və empatiya kimi bacarıqlara tələbatı stimullaşdırmağa davam edəcək. Buna görə də, humanitar elmlər yenidən populyarlaşacaq”.
“McKinsey” in analitikləri qeyd edirlər ki, humanitar bacarıqların avtomatlaşması ehtimalı çox azdır.
“Gələcəkdə şirkətlər süni intellekt və maşın öyrənməsinə daha çox etibar etməli olduqları üçün dəqiq cavabı olmayan bir çox suallarla rastlaşacaqlar. Qiymətləndirmə mühakimələrini formalaşdırmaq bacarığının əhəmiyyəti artacaq”, – deyə “Shift” işlənmiş avtomobillərin satışı platformasının qurucularından biri Corc Arison qeyd edir.
Onun sözlərinə görə, əgər “Facebook” un moderatorları kommunikasiyalar, tarix və etika kimi sahələrdə daha məlumatlı olsaydılar, saxta xəbərlər və sosial şəbəkələrdə söz azadlığı kimi problemlərin öhdəsindən daha yaxşı gələ bilərdilər.
“Bizim insanları, prosesləri və texnologiyaları birləşdirə biləcək mütəxəssislərə ehtiyacımız var”, – deyə “Shift” in baş direktoru Tobi Rassel bildirir.
Stenford Universitetinin psixologiya mütəxəssisi Nir Eyal 2020-ci ildə işçinin sahib olmalı olduğu əsas bacarığı adlandırdı. Onun sözlərinə görə, müasir işçilər əsas iki növə bölünürlər – digər insanların diqqətini və həyatını idarə etməyə imkan verənlər və “qürurla” özlərini “sarsılmaz” adlandıra bilənlər.