“Təhsil krediti ilə bağlı dəyişikliklər 11 kateqoriyadan olan tələbələri əhatə edəcək”.
Bunu Elm və Təhsil Nazirliyinin Aparatının məsul əməkdaşı Cabbar Hüseynli bu gün “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”na edilən dəyişkiliklər ilə bağlı bildirib.
“Dəyişiklikləri üç qrupa ayıraraq şərh etsək, bu günə qədər mövcud qaydalara əsasən tələbələrə sosial növ təhsil tələbə krediti verildikdə onların hər iki valideyninin, tək valideyni olduqda isə həmin valideynin sosial statusu nəzərə alınırdısa, bu gündən etibarən qəyyumluqda və ya himayədə olan tələbəblərin qanuni nümayəndələrinin də sosial statusları nəzərə alınaraq onlara güzəştli təhsil krediti veriləcək” – o deyib.
Cabbar Hüseynlinin sözlərinə görə, hazırki mövcud qaydalara əsəsən sosial növ təhsil tələbə kreditindən istifadə 7 növ sosial kateqoriyaya aid edilir. Bu gündən etibarən isə həmin qrupların sayı 11-ə qaldırılıb.
Yeni sosial qruplara misal olaraq qeyd etmək olar:
– “ailə başçısını itirməyə görə əmək pensiyası alan” valideyni olan tələbələr;
– “bir valideynin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilibsə və digər valideyn orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan” tələbələr;
– “bir valideyni azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, digər valideyni qaydada qeyd olunan digər kateqoriyalardan hər hansı birinə uyğun olan” tələbələr;
– Tələbənin özünün sosial statuslarına münasibətdə isə indiyədək ailə başçısını itirməyə görə əmək pensiyası alan tələbələr ilə yanaşı, bundan sonra əlavə olaraq “ailə başçısını itirməyə görə sosial müavinət alan” tələbələr də bu güzəştdən istifadə hüququ əldə edəcək”.
Nazirliyin rəsmisi əlavə edib ki, Təhsil Tələbə Krediti Fondu qeyri- kommersiya qurumudur:
“Fondun məqsədi mənfəət əldə etmək yox, təhsilin əhatə dairəsini genişləndirməkdir”.
O qeyd edib ki, mövcud qaydalara əsasən, istər sosial, istərsə də standart növ təhsil krediti alan tələbələrə geri qaytarma dövrü əlaçı olduqlarına görə müəyyən maddi güzəştlər tətbiq edilirdisə, həmin güzəştlərin tətbiqi ilə bağlı müvəkkil bank ilə onlar arasında bağlanan müqavilələrdə real vaxt rejimində yenilənmələrin aparılması və ali təhsil müəssisələri tərəfindən həmin müqavilələrin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi nəzərdə tutulub.