11 C
Baku
Monday, November 25, 2024

Təhsil kreditləri: dünya təcrübəsi nə deyir?

Azərbaycanda aztəminatlı ailələrin övladları üçün təhsil kreditlərinin verilməsi məsələsi yenidən gündəmə gətirilib. Xatırladaq ki, Milli Məclisdə 2019-cu ilin dövlət büdcə sənədinin müzakirələri zamanı deputatlar bu məsələni qaldırmışdılar.

Maliyyə naziri Samir Şərifov isə qeyd edib ki, bizim bank təşkilatlarımız bu riski öz üzərlərinə götürmək istəmirlər: “Yaxşı, buna dövlət müdaxilə etsə, bəri başdan etiraf edək ki, bu kreditlər qaytarılmayacaq. Xaricdə bu məsələ belə qurulub. Kredit verilir, amma həmin məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlər banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar, deməzdim ki, kütləvi şəkildə həll edilir”.

Təhsil naziri Ceyhun Bayramov isə məsələnin həlli üzərində iş getdiyini deyib. O qeyd edib ki, bir neçə ildir ki, aztəminatlı tələbələrin təhsil haqlarının ödənilməsi üçün təhsil kreditləri verilir, amma Maarifçi Kredit Fondu tərəfindən verilən kreditlərin hesabına müraciət edən bütün tələbələrin ehtiyaclarını ödəmək mümkün deyil: “Bu məsələ bir neçə dəfə parlamentdə də qaldırılıb. Maliyyə Nazirliyi əsas problem kimi təhsil kreditlərinin qaytarılma mexanizmində tam aydınlığın olmamasını deyir. Biz də Təhsil Nazirliyi olaraq, rəyləri nəzərə almaqla, alternativ mexanizmlər üzərində düşünürk. Biz onları yaxın müddətdə hökumətə təqdim edəcəyik. Biz bu məsələnin həll ediləcəyinə kifayət qədər nikbin baxırıq”.

Xatırladaq ki, Azərbaycanda təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilir. Bunu Təhsil Nazirliyinin təşəbbüsü ilə BDU, Dillər, Pedaqoji, Neft və Sənaye, Texniki, Dövlət İqtisad, Memarlıq və İnşaat, Bakı Slavyan, Gəncə və Sumqayıt Dövlət universitetlərinin təsis etdiyi “Maarifçi” Tələbə Kredit Fondu reallaşdırır. Fonda Azərbaycan vətəndaşı olan, təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər. Onların yaşı 25-dən çox, ailəsinin kredit borcu, ailə gəliri il ərzində 10 min manatdan çox olmamalıdır. Lakin bu fondun imkanları xeyli məhduddur və ildə 100-dək tələbənin kredit müraciətini ancaq qarşılaya bilir.

Azərbaycanda təhsil kreditləşməsi ilə bağlı təklifi ilk səsləndirənlərdən biri, sabiq maliyyə naziri Saleh Məmmədovun sözlərinə görə, Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edirlər: “Məsələn, ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniyada var, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir. Həmçinin universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün qaytarılmasında çətinlik yaratmır. Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5-7-10 ilə, bəzənsə 30 ilədək müddətdə qaytarılır. Bütün dünyada təhsilin inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır. Müsəlman ölkələrindən İndoneziya və Türkiyədə məhdud da olsa təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb. Avstraliyada təhsil kreditləri faizsiz verilir. Bəzi ölkələrdə isə faizlər yalnız texniki xərcləri örtəcək həcmdə olur – 1-2 faiz”.

S.Məmmədovun sözlərinə görə, müstəqillik dövründə ölkəmizdə təhsil və elmin inkişafı sahəsində ciddi problemlər yaranıb: “Faktiki olaraq, bu iki sahədə biz sovet dövrünə nisbətən geri getmişik. Elmə çəkilən xərclər də azalıb, bu xərclərdən əldə olunan nəticələr də. Yəni bu gün təhsil və elm sahəsində ciddi keyfiyyət problemi yaşayırıq. Bunun qarşısını almağın bir yolu da təhsil kreditləşməsini tətbiq etməkdir”.

Müsahibimiz hesab edir ki, təhsil elə bir sahədir ki, daim təkmilləşmə, daim hərəkət tələb edir: “2011-ci ildən bəri Finlandiya ciddi bir təhsil islahatına başlayıb, bütün dünya onun nəticələrini gözləyir. Tamam fərqli bir sistem yaradırlar. Bizdə də təhsil islahatı layihəsi hazırlanmalı və sürətlə həyata keçirilməlidir. Bu baxımdan, təhsil kreditləşməsinin tətbiqi ilk addımlardan biri ola bilər. Özü də kredit yalnız daxildə deyil, xaricdə təhsil almaq üçün də verilməlidir. Təəssüf ki, xaricdə təhsil proqramı dayandırıldı, indi yalnız doktorantura təhsilinə vəsait ayrılacaq. Halbuki yaxşı bir sxemlə bakalavr, magistr pilləsində təhsili də dövlət hesabına maliyyələşdirmək olardı. Məsələn, dünyanın 10 ən nüfuzlu universitetinə qəbul olunan tələbələrin təhsili tam maliyyələşdirilərdi. Ən nüfuzlu 11-100-cü universitetlərinə daxil olanlara isə güzəştli kreditlər verilərdi. Bu zaman yüksək nəticə əldə edənlərin kreditləri bağışlanardı. Daxildə təhsil alanlar üçün aşağı faizlə kredit verilməlidir”.

S.Məmmədovun fikrincə, təhsil kreditlərinin qaytarılması ciddi problem yaratmayacaq: “Bunun üçün təhsili başa vuran tələbə işləməyə başladığı 2-ci ildən sonra kreditin faizlərini, 5-ci ildən sonra isə özünü qaytarmağa başlayarlar. Burada da əla nəticələri olan tələbələrin kreditləri bağışlana bilər”.

Musavat.com

Son xəbərlər
Digər xəbərlər