Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğu vəzifələrinin A (inzibati rəhbər) və B (inzibati icraçı) növünə aid vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları olmaqla ümumilikdə 7 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (15 vəzifə) və B (200 vəzifə) növünə aid 215 vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat avqustun 30-dək davam edəcək.
Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları DİM-in internet portalında yerləşdirilib.
Namizədlər sertifikatlarına uyğun gələn vakant vəzifələrin müsahibəsində iştirak edə bilərlər. Müsahibədə iştirak üçün namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli, iyulun 30-dan avqustun 30-u saat 18:00-dək DİM-in portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu DİM tərəfindən yoxlanılır və təsdiqləndikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydiyyata alınır.
Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydiyyata alınır. Çatışmazlıqlar üç iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydiyyata alınmır.
Namizəd müəyyənləşdirilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkarlandıqda, onun müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab olunur. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar DİM tərəfindən qəbul olunur və namizədə bu barədə üç iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.
Müsahibə proqramları ilə DİM-in portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında tanış olmaq mümkündür.
Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra DİM-in portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilərlər.
Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyənləşdirilir:
Struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;
Vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.
Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Təhsil Nazirliyi (200 vəzifə) tərəfindən təqdim olunub.
Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda yerləşdirilib:
Təhsil Nazirliyi (200 vəzifə) – AC3 altqrupu üzrə 15, BB3 altqrupu üzrə 56, BB4 altqrupu üzrə 129 (200 vəzifə);
Gəncə Apellyasiya Məhkəməsi (4 vəzifə) – BA4 altqrupu üzrə 4;
Xaçmaz Rayon Məhkəməsi (4 vəzifə) – BB4 altqrupu üzrə 4;
Bakı Ağır Cinayətlər Məhkəməsi (3 vəzifə) – BB2 altqrupu üzrə 3;
Hacıqabul Rayon Məhkəməsi BB3 altqrupu üzrə 1 vəzifə;
Qusar Rayon Məhkəməsi BB4 altqrupu üzrə 1 vəzifə;
Şamaxı Rayon Məhkəməsi BB4 altqrupu üzrə 2 vəzifə;
Müsahibəyə çıxarılmış 215 vakant vəzifədən 15-i AC, 4-ü BA, 196-sı isə BB vəzifə qruplarına aiddir.