Tələbələri təhsil kreditindən ən çox faydalanan universitetlər məlum olub.
Banker.az xəbər verir ki, bu barədə AzEdu.az Təhsil Portalına Tələbə Təhsil Kredit Fondundan (TTKF) məlumat verilib.
Fonddan sorğuya cavab olaraq bildirilib ki, təhsil tələbə kreditləri respublikamızın ərazisində fəaliyyət göstərən təhsil müssisələrinin ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin texniki peşə və yüksək texniki peşə təhsili səviyyələrində əyani və ödənişli əsaslarla təhsil alan tələbələr üçün nəzərdə tutulub:
“Belə ki, 2024-2025-ci tədris ilinin yaz semestri üzrə bu günədək Fonda məxsus elektron portala 6461 müraciət daxil olmuş, onlardan 4612 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmişdir. Səviyyələr üzrə paylanma aşağıdakı kimidir:
– Bakalavriat səviyyəsi üzrə – 2992 (64.87%)
– Magistratura səviyyəsi üzrə – 1364 (29.58%)
– Orta ixtisas təhsili səviyyəsi üzrə – 251 (5.44%)
– Texniki peşə təhsili səviyyəsi üzrə – 5 (0.11%)
Statistik məlumatlara əsasən, cari semestr ərzində ən çox təhsil tələbə krediti alan ilk 5 universitet bunlardır:
- Azərbaycan Dövlət İqtisad Universiteti – ümumi 458 nəfər (9.93%) – onlardan kişi cinsi üzrə 220 nəfər, qadın cinsi üzrə 238 nəfər;
- Gəncə Dövlət Universiteti – ümumi 300 nəfər (6.50%) – onlardan kişi cinsi üzrə 94 nəfər, qadın cinsi üzrə 206 nəfər;
- Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası – ümumi 268 nəfər (5.81%) – onlardan kişi cinsi üzrə 241 nəfər, qadın cinsi üzrə 27 nəfər;
- Bakı Dövlət Universiteti – ümumi 207 nəfər (4.49%) – onlardan kişi cinsi üzrə 90 nəfər, qadın cinsi üzrə 117 nəfər;
- Azərbaycan Dövlət Pedaqoji Universiteti – ümumi 200 nəfər (4.34%) – onlardan kişi cinsi üzrə 29 nəfər, qadın cinsi üzrə 171 nəfər.
Ümumilikdə, Fond fəaliyyətə başladığı gündən etibarən bu günədək elektron portala 65885 müraciət daxil olmuş, bunlardan 52065 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmişdir:
“Bu müraciətlər arasında 34084 (65.46%) standart növ təhsil tələbə krediti, 17981 (34.54%) sosial növ təhsil tələbə krediti təşkil edir.Hazırda 2024/2025-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə kreditlərinə müraciət dövrü davam edir. Müraciətlərin qəbulu semestrin sonuna kimi davam edəcək”,- deyə fonddan məlumat verilib.