Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 2023-cü ili 302 min manat mənfəətlə başa vurub. 2022-ci ildə TKTA-nın mənfəəti 61 min manat olub ki, bu da illik müqayisədə 5 dəfə artım deməkdir.
Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il Agentliyin əsas əməliyyat gəlirləri 1 milyon 626 min manat (əvvəlki ilə nisbətən 48.2% çox), satışın maya dəyəri 1 milyon 296 min manat (28% çox) təşkil edib. Bölüşdürülməmiş mənfəəti 153 min manatdan 433 min manata çatıb.
31 dekabr 2023-cü il tarixinə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin cəmi aktivləri 11 milyon 435 min manatdan 6 milyon 127 min manata, cəmi öhdəlikləri 11 milyon 28 min manatdan 5 milyon 417 min manata düşüb, cəmi kapitalı isə 407 min manatdan 709 min manata çatıb.
Azərbaycan Respublikası Prezidentinin 29.12.2019-cu il tarixdə imzaladığı müvafiq Fərmana əsasən, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir.