9 C
Baku
Friday, December 13, 2024

“Təkcə bunun üçün bir xəstəyə ayda 3000-3500 manat vəsait lazımdır” – Deputat səhiyyəyə vəsaitin artırılmasına çağırdı

“Səhiyyə sahəsində çox ciddi proqramlar həyata keçirilir. Bu proqramlar üçün ayrılan vəsaitlər üzrə 4,8% artım proqnozlaşdırılır”.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə. Əmiraslanov bildirib ki, 2018-ci ilin dövlət büdcəsi çox peşəkarlıqla hazırlanıb.

Bununla belə, komitə sədri səhiyyə üzrə bəzi sahələrə vəsaitin artırılmasının vacib olduğunu söyləyib:”Bilirsiniz ki, ölkədə hər il 100-120 nəfər eşitmə defekti ilə uşaq dünyaya gəlir. Bu uşaqlar əgər dünyaya gəldikdən qısa müddət sonra əməliyyat olmasa, onlar ömürboyu lal və kar qalırlar. Keçən il də bu məsələni qaldırdıq. Milli Məclisə müraciətlər bir daha göstərir ki, bu məsələ tam həllini tapmayıb. Bu, təxminən 1,5-2 milyon manat civarında bir vəsaitdir. Ancaq transplantların alınmaması, olmaması 150 insanın bədbəxtçiliyinə gətirib çıxarır. Əvvəl burada transplantatların əməliyyatı üçün mərkəzlər yox idi. Böyük məmnuniyyətlə demək istəyirəm ki, artıq Azərbaycanda bir neçə mərkəz var ki, transplantat olsa, belə əməliyyatlar mümkün ola bilər”.

Ə. Əmiraslanov orqan transplantasiyası məsələsinə də toxunub. O qeyd edib ki, hazırda ölkə daxilində və xaricdə xeyli insana orqan transplantasiyası əməliyyatları aparılır: “Bu xəstələr ömür boyu antidepresant deyilən preparatlar alırlar. Bu preparatların qiyməti son dərəcədə yüksəkdir. Bir ayda təxminən 3000-3500 manat civarında vəsait lazımdır. Bu gün bu xəstələr bu dərmanları ala bilmir. Bu insanlar lazımı dərmanları ala bilməsələr, orqanlarda qopma baş verir və onların həyatı yenə də təhlükə altına düşür. Bu istiqamətdə də vəsait ayrılması yaxşı olar. Deyə bilərsiniz ki, səhiyyəyə vəsait ayrılır və bu vəsaitdən istifadə olunsun. Ancaq səhiyyəyə ayrılan vəsait çərçivəsində bu məsələləri həll etmək mümkün deyil”.

Komitə sədri əlavə edib ki, onkoloji xəstəliklər üçün şiş əleyhinə preparatların alınması üçün artıq neçə ildir prezident İlham Əliyevin göstərişi ilə vəsait ayrılır.

O qeyd edib ki, dünyada hədəf tipli yeni müalicə üsulları və preparatlar meydana çıxıb: “Bu, onkoloji xəstəliklərin müalicəsində inqilabi addımdır. Praktiki olaraq bu preparatların köməyi ilə yayılmış formada olan onkoloji xəstəliklərin müalicəsinə, son mərhələdə olan onkoloji xəstələrə kömək etmək mümkün olur. Bu preparatlar çox bahalıdır. Ona görə, onkoloji xəstəliklər üçün ayrılmış vəsaitin artırılması bu xəstələrə kömək etmiş olar”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər