12 C
Baku
Wednesday, December 11, 2024

Təkrar emal olunan tikinti materialları mədən vergisinə cəlb olunurmu?

Şirkətimiz pərakəndə ticarət və çınqıl istehsalı ilə məşğuldur. “N” müəssisəsi bizə müraciət edərək xidmət müqaviləsi əsasında təkrar emala cəlb olunan sökülmüş beton parçalarının istehsal sahəmizdə xırdalanmasını xahiş edir. İstehsalat sahəmizdə beton hissəciklərinin təkrar emalına görə mədən vergisi ödəməliyikmi və materialların sahəmizə daşınması necə sənədləşdirilməlidir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru da daxil olmaqla) yerin təkindən çıxarılan faydalı qazıntılar mədən vergisinin vergitutma obyektidir.

Sorğunuzda qeyd olunan, betonun əzilib xırdalanması ilə bağlı göstərilən xidmətlər mədən vergisinin vergitutma obyekti hesab olunmur.

Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.12-ci bəndinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri digər şəxslərdən məsuliyyətli mühafizə (saxlanma) və ya emal üçün qəbul edilmiş mal və materialları “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirir və həmin sənədlərdə göstərilən qiymətlərlə uçota alırlar.

Bununla yanaşı, sifarişçi tərəfindən xidmətlərin göstərilməsi ilə bağlı müəssisəyə təqdim olunan mal-materiallar tərəflər arasında bağlanmış müqaviləyə və mühasibat uçotu haqqında qanunvericiliyə uyğun olaraq təhvil-təslim aktları və digər təsdiqedici sənədlərlə rəsmiləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 213-cü və 215-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

Son xəbərlər
Digər xəbərlər