Ölkəmizdə 28 sığorta şirkəti fəaliyyət göstərir, onlardan 15-i İcbari Siğorta Bürosunun üzvləridir. 13-ü isə Büronun üzvü deyillər. Sual olunur? Büronun sığorta şirkətləri qarşısında qoyduğu tələblər yüksəkdir, yoxsa sığorta şirkətləri sadəcə büroya üzv olmaqda maraqlı deyillər? Qeyd edək ki, İcbari Siğorta Bürosunun maliyyə vəsaitləri sırasında iştirakçıların ödədiyi müvafiq icbari ödənişlər də yer alır. Bu icbari ödənişlər isə siğorta hadisəsi baş verdiyi təqdirdə kompensasiya şəklində vətəndaşa ödənilir.
Büronun siğorta şirkətləri qarşısında qoyduğu meyarlar aşağıdakılardan ibarətdir:
1-Büroda iştirakçı olmaq istəyən sığortaçı müvafiq icbari sığorta növünü aparmağa sığorta nəzarəti orqanı tərəfindən verilmiş icazəyə malik olmaqla yanaşı, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş icbari ödənişləri Büronun müvafiq hesabına köçürməli, eyni zamanda Büroda iştirakçılıqla bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tələblərə cavab verməlidir.
2-Büronun iştirakçısı olmaq istəyən sığortaçı müvafiq icbari sığorta növünə icazənin verilməsi ilə bağlı sığorta nəzarəti orqanının ilkin razılığı ifadə olunan sənədin əlavə olunduğu rəsmi müraciətini Büroya təqdim etməlidir.
3-Qanunvericilikdə nəzərdə tutulmuş iştirak haqqının ödənilməsini və təminat depozitinin yerləşdirilməsini təsdiq edən sənədlərin Büroya daxil olduğu tarixdən sığortaçı Büronun iştirakçı sığortaçıların reyestrinə daxil edilir.
Nəzərinizə çatdıraq ki, hər hansı sığortaçının büroda iştirakına xitam verildiyi halda onun ödədiyi vəsaitlər geri qaytarılmır.