Tərtərdə sabiq bağça müdiri və Tərtər rayon İcra Hakimiyyətinin nümayəndəliyinin sabiq baş mühasibinə cinayət işi açılıb.
Banker.az Tərtər rayon prokurorluğuna istinadən xəbər verir ki, Tərtər rayon Bayandur kənd körpələr evi-uşaq bağçasının sabiq müdiri Nərgiz Bağırova vəzifəli şəxs kimi 01 yanvar 2017-ci il tarixdən 01 yanvar 2022-ci il tarixə kimi olan dövrdə körpələr evi-uşaq bağçasına davamiyyəti olmayan ayrı-ayrı şəxslərin adlarının tərtib olunmuş menyularda qeyd olunaraq artıq ərzaq məhsullarının məxaricə silinməsi, təmir işlərinin aparılması məqsədilə ayrılan pul vəsaitinin təyinatından yayındırılması və digər qanunsuz yollarla ümumilikdə 12 min 59 manat məbləğində pul vəsaitini vahid qəsdlə mənimsəməklə talayıb.
Bundan başqa, Tərtər rayon İcra Hakimiyyəti başçısının Ələsgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sabiq baş məsləhətçi-baş mühasibi Aslan Zamanov nümayəndəlikdən maliyyələşən Tərtər rayon Bayandur və Yenikənd körpələr evi-uşaq bağçalarının işçilərinin 2017-2020-ci büdcə illəri ərzində əməkhaqqıları hesablanarkən onlara ödəniləcək əməkhaqqı məbləğlərinin süni şəkildə azaldılması yolu ilə özünün əməkhaqqı ödənişi üzrə bank filialında olan hesabına 2 min 641 manat pulun köçürülməsi və digər yollarla ona etibar edilmiş ümumilikdə 3 min181 manat pulu talayıb.
Toplanmış sübutlar əsasında Nərgiz Bağırovaya Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), Aslan Zamanova isə CM-nin 179.2.3, 308.1 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Tərtər rayon məhkəməsinə göndərilib.