Bərdə rayonunda yerkökü yığımı davam edir. Sahələrdə yerkökünün qiyməti keçən illə müqayisədə xeyli ucuzdur.
Bərdə rayonunda torpaq mülkiyyətçilərinin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindən biri yerköküdür. Xüsusən rayonun Soğanverdilər kəndi respublikamızda yerkökü istehsalı ilə tanınır. Kənd sakinlərinin istehsal etdikləri məhsul ölkənin bütün regionlarında, o cümlədən Bakı şəhərində satışa çıxarılır.
Soğanverdilər kəndinin sakini Əlif İbrahimov bildirib ki, əvvəllər ancaq qışlıq kök əkilirdi, son illərdə ilin bütün fəsillərində yerkökü becərilir. Tirəyə əkin üsulu və damlama suvarmanın tətbiqi ilə sahələrdə məhsuldarlıq daha çox olur. Lakin satış qiymətinin aşağı olması onları qane etmir. Məhsulun satışı əsasən sahədə həyata keçirilir.
“Yerkökünün qiyməti ötən illə müqayisədə xeyli aşağıdır. Belə ki, keçən il iri yerkökünün bir kiloqramı 80 qəpik – 1 manat, xırdaları 50-60 qəpik idisə, indi iri yerkökü 60-70 qəpiyə, xırda yerkökü isə 40 qəpiyə satılır. Bunun səbəbi isə ölkəmizə xaricdən yerkökü idxal edilməsi və alıcılıq qüvvəsinin az olmasıdır. Becərmə xərclərinin artmasını nəzərə aldıqda yerkökünün qiymət çox ucuzdur. Qiymətlər bizi qane etmir”, – deyə təsərrüfat sahibi bildirib.
Sahədə kisələrə yığılan məhsul əvvəlcə maşınla yuyulub təmizlənir. Bu proses əvvəllər yerkökü istehsalının ən çətin mərhələlərindən sayılırdı. Təsərrüfatçılar yerkökünü kisələrə dolduraraq suyun içində yuyurdular. İndi isə yerkökünün yuyulması maşınla həyata keçirilir. Maşınla 40 kisə yerkökü yarım saat ərzində yuyulur. Yuyulmuş məhsul sonra çeşidlənir, kisələrə yığılaraq satılır.
Bərdə Rayon Statistika İdarəsindən verilən məlumata görə, 2024-cü ildə Bərdə rayonu üzrə 144 hektarı yazlıq, 80 hektarı təkrar əkin olmaqla, 224 hektar sahədə süfrə yerköküsü əkilib. Təkrar əkin də daxil olmaqla, tarlalardan 7210 ton məhsul yığılıb. Məhsuldarlıq 295,5 sentner təşkil edib.