9 C
Baku
Sunday, November 17, 2024

Təsərrüfat subyektlərinin hansı hallarda bazarda hökmran mövqe tutmuş hesab ediləcəkləri müəyyənləşir

Bir təsərrüfat subyekti 50 faiz və daha çox bazar payına malik olduqda, hökmran mövqe tutmuş hesab ediləcək.

Bu, Milli Məclisə daxil olan Rəqabət Məcəlləsində əksini tapıb.

Müvafiq bazarda hərəkətləri birbaşa və ya dolayı yolla birgə xarakter daşıyan, hər biri 10 faizdən çox bazar payına malik olan 2 (iki) və daha çox təsərrüfat subyekti (ən çox paya malik olanlar əsas götürülməklə) aşağıdakı hallarda birgə hökmran mövqe tutmuş hesab edilirlər:
– iki və ya üç təsərrüfat subyektinin birgə bazar payı 50 faizdən çox olduqda;

– dörd və ya beş təsərrüfat subyektinin birgə bazar payı 70 faizdən çox olduqda.

Maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtləri (bazar payının hədləri və müəyyən edilməsi meyarları) rəqabət orqanı ilə razılaşdırmaqla Mərkəzi Bankın təklifi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Müvafiq bazarda 50 faizdən az, lakin 35 faizdən çox bazar payına malik olan təsərrüfat subyekti müvafiq bazara təsir imkanına malik olduqda hökmran mövqe tutmuş hesab edilir. Təsərrüfat subyektlərinin müvafiq bazara təsir imkanlarını müəyyən etmək üçün aşağıdakılar araşdırılır:

– hökmran mövqe tutmuş təsərrüfat subyektinin və onun rəqiblərinin bazar payı;
– hökmran mövqe tutmuş təsərrüfat subyektinin maliyyə imkanları;
– hökmran mövqe tutmuş təsərrüfat subyektinin digər təsərrüfat subyektləri ilə əlaqələrinin vəziyyəti;
– məhsulu hökmran mövqe tutmuş təsərrüfat subyektindən başqa, digər təsərrüfat subyektinə satmaq və ya digər təsərrüfat subyektindən almaq imkanları;
– müvafiq bazarda rəqabətin faktiki vəziyyəti və dəyişməsi imkanları;
– potensial rəqiblərin bazara daxil olmasının və mövcud rəqiblərin bazar payını artırmasının, yaxud bununla bağlı maneələrin yaradılmasının real imkanları;
– alıcılıq qabiliyyətinin dəyişib-dəyişməməsi halları, habelə alıcının satıcıları çevik seçmə imkanı və alıcının təsiredici gücü (alıcının satıcının hökmran mövqe tutan təsərrüfat subyektinə çevrilməsinə təsir imkanı);
– digər təsərrüfat subyektlərinin təchizat və ya satış bazarlarına çıxış imkanları;
– təsərrüfat subyektinin şəbəkə effektinə malik olması.

Şəbəkə effektinə malik olan təsərrüfat subyektlərinin müvafiq bazara təsir imkanlarını müəyyən etmək üçün göstərilənlərlə yanaşı aşağıdakılar da araşdırılır:

– şəbəkə effektinə malik olan bir təsərrüfat subyektinin xidmətlərindən digərinin xidmətinə keçidlə bağlı müştərilərin əlavə xərcləri;
– təsərrüfat subyektinin bazara təsir imkanının miqyası;
– təsərrüfat subyektinin şəbəkə istifadəçilərinin müvafiq (fərdi, təsərrüfat, ticarət) məlumatlarına çıxışı;
– təsərrüfat subyektinin innovasiyalar əsasında rəqabətə təsir göstərmək imkanı.

Müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər