Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) tətbiqinə başlanıb. İlk mərhələdə iribuynuzlu heyvanların və atların identikləşdirilməsi nəzərdə tutulur.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Qeyd edək ki, HİQS heyvan xəstəliklərinin aşkarlanması və onlarla mübarizənin təşkili, habelə heyvan mənşəli məhsulların qida zənciri boyu izlənilməsində mühüm əhəmiyyət kəsb edir.
Bu məqsədlə Dünya Bankının dəstəyi ilə icra edilən layihənin elektron proqram təminatı hazırlanaraq, sınaqlara başlanılıb. İlkin olaraq, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ailə-kəndli və fermer təsərrüfatlarında heyvanlar identikləşdirilir və həm təsərrüfatlar, həm də heyvanlar haqqında məlumatlar sistemə daxil edilir. Bu sistem vasitəsilə “fermadan süfrəyədək” prinsipi ilə izlənmənin həyata keçirilməsi mümkün olacaq. Digər tərəfdən isə son məhsul üzərindəki QR kodu vasitəsilə məhsulun (ətin və ya südün) hansı heyvana məxsus olması, bu heyvan üzərində hansı vaksinlərdən və ya baytarlıq preparatlarından istifadə etməklə müalicə-profilaktika tədbirlərinin aparılması barədə müfəssəl məlumatlar əldə olunacaq.
Sistemin uğurla tətbiqi üçün normativ hüquqi sənədlərin layihələri hazırlanıb, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun tərkibində “Heyvanların İdentifikasiya Mərkəzi” departamenti yaradılıb və AQTA-nın müvafiq struktur bölmələrində konkret fəaliyyət istiqamətləri müəyyən edilib.
HİQS fərdi heyvandan başlayaraq, heyvandarlıq təsərrüfatı, heyvanların satış bazarı, heyvan kəsimi məntəqələri, emal müəssisələri, daşınma şirkətləri, topdan və pərakəndə satış müəssisələrini əlaqələndirməklə fəaliyyət göstərəcək. Proqram təminatının yaradılması bu sahədə görüləcək işlərin ilkin və ən əsas hissəsidir. Respublikada heyvanların identikləşdirilməsinin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, toplanan məlumatlar Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemində (HİQS) yer alır. Ölkədə yeni yaradılmaqda olan sistem heyvanların məruz qaldığı xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınaqı və nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir. Həmçinin sistemin əsas fuksiyalarına tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması daxildir.
“Fermadan süfrəyədək” prinsipinə əsaslanan sistem heyvan mənşəli qida məhsullarının izlənilməsi və təhlükəsizliyi, insan sağlamlığının təmin olunması və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına öz töhfəsini verəcək.