21 C
Baku
Tuesday, April 16, 2024

Təsisçinin vergi öhdəlikləri – hansı halda dividentdən vergi tutulmur?

Təsisçilərin gəlirləri iqtisadi ədəbiyyatda başlıca olaraq dividend adlanır. Məhdud məsuliyyətli cəmiyyətlərdə (MMC) nizamnamə kapitalının formalaşması, nizamnamə kapitalının əmlak, bölüşdürülməmiş mənfəət, təsisçilərin vəsaiti və təsisçiliyə qəbul olunması yolu ilə üçüncü şəxsin vəsaiti hesabına artırılması qaydalarını İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev şərh edir.

Misal. Tutaq ki, biz birlikdə “ABC” müəssisəsi açmışıq və ildə 1.000 ədəd divan düzəldib, birini 200 manatdan satırıq. İlin sonunda maliyyə hesabatında bizə təqdim olunan rəqəmə görə divanların satışından 1.000 * 200 = 200.000 manat gəlir əldə etmişik. Maliyyə direktorundan xahiş edirik ki, təsisçilərin alacağı pulu müəyyənləşdirsin. O da hesabat gətirir ki, 200.000 manat gəlir olub, ondan 150.000 manat işçilərə əməkhaqqı, xammal və materiala, vergilərə, sosial ödəmələrə, kommunal xərclərə pul ödənilmişdir. 50.000 manat xalis mənfəət qalmışdır.

Burada, Vergi Məcəlləsində dividendə yanaşmaya baxaq və sonra yenə misallara keçərik. Məcəllənin 13.2.15-ci maddəsinə görə: “Dividend – hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş” kimi xarakterizə olunur. Həmin maddənin ikinci hissəsində göstərilən hallar quruluş etibarilə nə qədər dividendə bənzəsə də, qanunvericilik baxımından bu şəkildə tanınmasına yol verilmir: “Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır”.

Deməli, biz “ABC” MMC-nin fəaliyyətindən də göründüyü kimi illik 200.000 manatlıq gəlirin qarşılığında 50.000 manat xalis mənfəət əldə etdik ki, bu vəsaiti də dividend kimi müəssisədəki payımıza uyğun şəkildə bölüşdürə bilərik. Fərz edək ki, təsisçi olaraq 5 nəfərik və hərəmizin 20 faiz olmaqla ümumi payda hissəmiz vardır. Bu halda hərəyə 10.000 manat pul düşəcəkdir.

Məsələ meydana çıxır ki, bizim gəlirimiz olan bu 10.000 manata görə nə qədər vergi verməliyik? Burada Vergi Məcəlləsinə görə iki yanaşma vardır ki, həmin imkanlardan uyğun olanını seçəcəyik.

Birinci hal budur ki, Vergi Məcəlləsinin “Gəlir vergisindən azadolmalar və güzəştlərdəki 102.1.22-1-ci maddəsinə” görə: “Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri” vergidən azad olmalara düşür. Əgər bizim müəssisənin gəlirləri ardıcıl 12 aylıq dövrdə 200.000 manatı keçməyibsə, əldə etdiyimiz dividendə görə vergi verməyəcəyik.

İkinci hala görə isə, Vergi Məcəlləsinin 122.1-ci maddəsinə görə, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Bununla yanaşı, Vergi Məcəlləsinin 122.2-ci maddəsində göstərilir ki, dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur. Deməli, biz bu maddələrlə tanış olduqdan sonra baxırıq ki, bizim təsis etdiyimiz “ABC” müəssisəsinin illik gəliri 200.000 manat olduğu üçün biz güzəşt tətbiq olunan şirkətlər kateqoriyasına düşəcəyik. Başqa sözlə, 50.000 manat dividendlə bağlı təsisçi qərarı hazırlayaraq 5 nəfərin arasında hərəyə 10.000 manat pul bölərək heç bir vergi ödəməyəcəyik.

Başqa bir vəziyyəti də təsəvvür edək ki, gəlirlər 200.002 manat və yenə də xalis mənfəət 50.000 manat və təsisçilər də 5 nəfər olsaydı, bu halda vergi yükümüz nə qədər olacaqdı? Yenə də biz 50.000 manatın 5 nəfərə bölünməsi ilə bağlı dividend qərarı çıxaracağıq. Çünki hər bir təsisçiyə verilən puldan 10 faiz tutulur, yəni məsələn 10.000 verilməlidirsə təsisçiyə ödəmə mənbəyində 10 faiz tutulur və qalan məbləğ köçürülür.

Son xəbərlər
Digər xəbərlər