Bu təşkilat 1985-ci ildə “Vahid Avropa” ideyası altında Parisdə yaranıb. Paris, Leyden, London, Madrid, Milan və Münhendən tələbələrin iştirakı ilə olan konfrans sonrası yaranan təşkilatın məqsədi tolerant cəmiyyət formalaşdırmağa töhfə vermək, sərhədsiz Avropanın yaradılması və inkişafında gənclərin roludur.
Əvvəllər EGEE adını daşıyan təşkilat Egey dənizi (Aegean Sea) – demokratiyanın yarandığı ilk yerlərdən birinin adı ilə əlaqələnib. 1988-ci ildə AEGEE adına dəyişilib, bu da “Avropa Tələbələr Forumu” deməkdir.
Avropada ən böyük tələbə birliyi olan AEGEE Avropanın 43 ölkəsinin 243 şəhərindən 13 min tələbəni özündə birləşdirən, gəlir marağında olmayan gənclər təşkilatıdır.
Müxtəlif işçi qruplarından təşkil olan təşkilat mədəniyyət, dillər, insan hüquqları, təhsil, idman və əyləncə qruplarının fəaliyyətindən ibarətdir.
2004-cü ildə bir neçə Avropaya inteqrasiya ideyalı azərbaycanlı tələbə yerli AEGEE-nin açılması üçün Avropa komandası ilə birgə bir neçə kiçik həcmli tədbir həyata keçiriblər. Daha sonra yaranan “AEGEE-Bakı”nın məqsədi də Azərbaycan və Avropa tələbələri arasında əməkdaşlıq yaratmaq, mədəniyyətlərası müxtəlifliklərlə tanış olmaqdır.
Müsahibimiz AEGEE-Bakı təşkilatının prezidenti,Bakı Avrasiya Universitetinin III kurs tələbəsi Hilal Rəhimlidir.
O, AEGEE-nin nə olduğunu belə izah edir:
“AEGEE mənim üçün dəyərdir. Günü-gündən yenilənən dünyada özünü inkişaf etdirmək universitet daxilində tam mümkün deyil. Nə qədər tək-tək gənclər inkişafları üçün çalışsalar da, individual inkişaf kollektiv effekti vermir. Buna görə də, bu gün dünyada gəncləri bir platformada inkişafa yönəldən təşkilatlar var. Azərbaycanda gənclərin Avropaya, yeniliyə, təcrübəyə, istedadlı gənclərlə tanış olmağa inteqrasiyası üçün AEGEE var”.
O deyir ki, AEGEE-yə üzv olandan sonra beynəlxalq və yerli təlimlərə, seminarlara, əyləncəli eventlərə qoşulmaq, həmçinin AEGEE-nin başqa ölkələrdəki lokallarında təcrübə qazanmaq şansı əldə etmək olur:
“2017-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində beynəlxalq layihədə Azərbaycanı təmsil edirdim. AEGEE haqqında ilk dəfə orada eşitdim və qayıdandan sonra araşdırdım, üzv olmaq üçün müraciət etdim, həmin gündən sonra həyatımda sözün yaxşı mənasında bir çox dəyişikliklər oldu”.
Müsahibimiz üzvlükdən prezident vəzifəsinə yüksəlməsi haqda da danışdı:
“Üzv olduqdan sonra, eyni ildə AEGEE-nin Budapeştdəki beynəlxalq layihəsinə Azərbaycandan bircə mən seçildim, bundan sonra təşkilatda fəaliyyət dövrüm başladı. Sonra “AEGEE Bakı”-nın Polşadakı lokallarından birində səfir kimi çalışdım, Avropa səviyyəsində təcrübələr qazandım. Bundan sonra “AEGEE Bakı”-nın prezidenti olmaq üçün namizədliyimi irəli çəkdim və səsvermədə qalib oldum”.
Müsahibimizin hobbisi isə səyahət etməkdir. Bu günə kimi 16 ölkədə və 30-dan çox şəhərdə olan H.Rəhimli yeni tanışlıqlar və yeni mədəniyyətlərin həmişə diqqətini çəkdiyini deyir.
Prezidentin təşkilatla bağlı gələcək planları isə belədir:
“Hazırda “AEGEE-Sumqayıt” və “AEGEE-Naxçıvan”ı yenidən aktiv vəziyyətə gətirmək üçün üzərində işləyirik, yaxın zamanlarda fəaliyyətə başlayacaqlar. Gələcəkdə Gəncə və Lənkəranda da AEGEE lokalının açılması planımızdadır”.
Şəxsi planları isə hələ ki magistratura təhsili almaqdır:
“Avropada magistratura təhsili alıb “beynəlxalq əlaqələr” ixtisasının sonuna qədər getməyi, onunla dərindən məşğul olmağı düşünürəm”.
©Oxu.az