26 C
Baku
Tuesday, April 30, 2024

Təşkilati çeviklik – Corporate agility

Müəllif:  Ələkbər Eyvazov- Pazarlama Uzmanı, Kahin Organizasyon, Danışmanlık, Turizm Ltd. Şti.

Son dövr ədəbiyyatda çox müzakirə edilən mövzulardan biri də çeviklikdir (agility). Çeviklik fərdi (personal agility) və təşkilati (organizational – corporate agility) olmaqla iki hissəyə bölünür. Bizim toxunacağımız hissə daha çox təşkilatı çeviklikdir.

Çevikliyi qısa şəkildə izah etsək, o, şirkətin normal fəaliyyəti zamanı, yeni bazar imkanları axtararkən, problemləri həll edərkən və ya baş verən daxili və xarici dəyişikliklərə cavab verərkən sürətli olmasıdır.

Çeviklik daxili və xarici olmaqla iki yerə ayrılır:

  • Daxili – Təşkilatın fəaliyyət strategiyası, istifadə olunan texnologiya, idarəetmə növü (org. culture), içilər və. s kimi şirkətin daxili strukturlarını bazarda baş ver biləcək istənilən dəyişikliklərə adaptasiya olmağa, yeniləməyə, dəyişməyə yönəlmiş fəaliyyət sürəti;
  • Xarici – Təşkilatın ortaqları, tədarükçü, dağıtımçı və hətta müştərilər kimi şirkət daxilində olmayan faktorların gözlənilməyən bazar dəyişikliklərinə qarşı yenilənmə, dəyişmə və adaptasiya sürətidir.

Təşkilatı çeviklik bir bütün olub, zəncirvari çevik fəaliyyət olmaqla bərabər, zəncirdə hər-hansısa bir həlqənin yavaş olması şəraitində bütün sistemin ətalətli hala düşməsi ilə nəticələnir. Çevik bir qurumun, çevik menecmenti, çevik marketinqi, çevik istehsalı, çevik müştəri xidməti, çevik qərar vermə mexanizmi və. s olmalıdır.

Çevikliyin özü strateji səviyyəsində və əməliyyat səviyyəsində çeviklik olmaqla iki hissəyə bölünür;

1. Adından da bəlli olduğu kimi, strateji səviyyədə çeviklik bazarda baş verən dəyişikliklər, müştəri gözləntilərinin dəyişməsi və. s bu cür yenilikləri real zamanda – dərhal dərk etmə, doğru şəkildə şərh etmə və tətbiq olunacaq qərarların çevik şəkildə alınmasıdır. Bu çeviklik tipi daha çox beyin gücünə bağlıdır.

2. Buna qarşılıq əməliyyat səviyyəsində çeviklik alınan qərarların tətbiqi zamanı çevik və sürətli olmaqdır ki, bu da daha çox təşkilatın fəaliyyət halındakı çevikliyini və sürətini əks etdirir.

Çevik şirkətləri digər şirkətlərdən ayıran bir sıra xarakterik özəlliklər var, bu sırada onu ilk növbədə onu qeyd etmək olar ki, çevik şirkətlər ləng şirkətlərlə müqayisədə daha uzunömürlü olur. Həmçinin bu tip şirkətlər rutin işləri sürətlə başa vurub, bazarda baş verən dəyişikliklərə və müştəri istəklərində baş verən əyilimlərə sürətlə cavab verən bilən şirkətlərdir. Çevik şirkətləri digər şirkətlərdən ayıran 10 əsas xüsusiyyət:

1. Sürət – Çevik şirkətləri bir sözlə ifadə etmək lazım olsa, o zaman bu söz “sürət” olacaqdır. Bazar dəyişikliyini sürətlə anlama, sürətli analiz, sürətli qərar vermə, qərarların sürətli tətbiq edilməsi, sürətli nəticələndirmə, sürətli istehsal və dağıtım, müştəri şikayətlərinin sürətli cavablandırılması, problemlərin həll edilməsi və. s çevik şirkətlərin xarakterik özəlliyidir. Bu tip şirkətlər fəaliyyətlərində sürəti təmin etmək üçün, asılı olduqları qurumları, tədarükçüləri, dağıtımcıları və. s sürətli işləməyə sövq edirlər. Samsung şirkətinin mobil telefon və smart televizorlar kateqoriyasında etdiklərini sürət konseptinə uyğun misal; Nokianın son 2 illik fəaliyyətini isə “sürətsiz” şirkətlərə misal göstərmək mümkündür.

2. Elastik, dəyişkən (Flexible) – Anadolu türkcəsində daha çox “esnek” olaraq tərcümə edilən termin şirkət fəaliyyətinin dəyişikliklərə uyğunlaşa bilməsini ifadə edir. Çevik şirkətlər daha çox müştəri mərkəziyyətçiliyini ön plana verərək, məhsul və ya xidmətlərin müştərilər tərəfindən düzənlənməsinə imkan yaratmaqdadırlar. Misal olaraq, Dell və son dönəm NPC sektorunda Dell təcrübəsindən uğurla yararlanan Toshibanı göstərmək olar. İstədiyiniz zaman, şirkətlərin veb səhifələrinə daxil olub, istədiyiniz konfiqurasiyalı NPC-ni sifariş edə bilərsiniz. ABŞ daxilində cəmi 3 günə sifarişiniz evinizə təslim ediləcəkdir.

3. Müştəri mərkəzlilik – Çevik şirkətlər uğurun müştəri beynində yarandığını bilərək hər zaman müştərilərinin yanında olmağa çalışırlar. Çünki hər bir şirkətin sonrakı taleyini müştərilərin şirkət məhsul və xidmətlərin necə qəbul edəcəyindən asılıdır. Standart olaraq bu tip şirkətlər müştərilərin nə istədiklərini ilk öyrənməyə cəhd edən olsalar da bir sıra hallarda müştəri tələbatı yaradan məhsulla da bazara çıxırlar. Buna ən gözəl nümunə Stive Jobsun “Apple” markasıdır. Jobs, “Siz müştərilərin nə istədiyini öyrənib, ona uyğun məhsullar hazırlayıb bazara təqdim etdiyiniz halda artıq müştərilər o məhsulu istəməyəcəklər. Əsas məsələ müştəri tələbi yaradacaq məhsulların, yeni nəsil məhsulların yaradılmasıdır” deyərək, “Apple” şirkətinin fəlsəfəsini izah etmişdir. Bir çox çevik şirkət müştəri mərkəzli olmağın bir növü olaraq müştəriləri ilə birbaşa əlaqə saxlamağa meyllidirlər, misal olaraq Four Season Otellər şəbəkəsinin istifadə etdiyi PMS proqramları vasitəsi ilə fəaliyyəti buna gözəl nümunədir.

4. Kəskin müşahidə qabiliyyəti – Bazarda baş verən dəyişiklikləri, imkanları, təhdidləri və.s anında görmək çevik şirkətlərin özəlliklərindən biridir.

Bu tip şirkətlər daha çox xaricə (şirkətin fəaliyyət göstərdiyi ortama) yönəlik sosial şirkətlərdirlər. Bunlara misal olaraq Microsoft və Google şirkətlərini göstərmək olar. “Microsoft Sales” proqramı sayəsində şirkət saniyəbəsaniyə satışları nəzarətdə saxlayıb uyğun qərarlar verə, Google isə “google ads” vasitəsiylə müştərilərin bu və ya digər məhsula olan meyllərini öyrənə bilirlər.

5. Sürətli qərar vermə – Çevik şirkətlər tətbiq olunacaq qərarları daha sürətli verərlər. Saatlarla görüşlər, yığıncaqlar keçirmək yerinə qərar vermə prosesi mexanizmini quraraq və insanlara səlahiyyət verib onlara inanaraq qərar vermədə çevikliyə nail olurlar.

6. Dəyişim – yenilənmə və sınağa meylli olmaq – Çevik şirkətlər özlərini yeniləməyə böyük önəm verib baş verən hər-hansı yeniliyi ilk olaraq tətbiq etməyə çalışırlar. Hər yeniliyin tətbiqi uğurlu olmadığından bu şirkətlərdə səhv etmə riski də böyükdür. Lakin bununla yanaşı xətalara tolerantlığın böyük olduğu, tənbəllik və ya məsuliyyətsizliyə qarşı sərt davranan şirkət qrupudur. Gözəl misal olaraq “Wall Mart”-ı göstərmək mümkündür, belə ki, şirkət keyfiyyəti itirməmək şərti ilə qiymətlərin aşağı salınması strategiyası ilə fəaliyyət göstərdiyindən məcburən yeniliklərə açıq olmalıdır. Bazarda “kMart” kimi aqressiv marketinq strategiyası yürüdən şirkətlərin mövcudluğunu nəzərə alsaq bunu çox təbii hal kimi qəbul etmək olar.

7. Texnologiyadan istifadə – Çevik şirkətlərin önəmli özəlliklərindən biri fəaliyyət sahələrinə uyğun texnoloji yeniliklərdən yararlanmaqdır. Bir sıra ölkələrdə ATM-lərin yalnız nağd pul əldə etmə vasitəsi deyil həmçinin karta pul yatırma, kommunal xərclər, vergilər, internet, telefon və. s kimi xərclərin ödənilməsi üçün istifadə edilməsi bankların texnoloji çevikliyidir. Belə ki, bu cür texnologiyalardan istifadə müştərinin zamanını daha effektiv istifadə etməsinə və həyatının rahatlaşmasına səbəb olur. Mobil və ya elektron bankçılıq xidməti də bu cür çevikliyə nümunədir.

8. Prosedura və insan qaynaqlarını mütəmadi olaraq dəyərləndirmə – Çevik şirkətlər quru sözlərlə və ya düşüncələrlə deyil rəqəmlərlə öz fəaliyyətini korrektə edən şirkətlər tipidir. Statistik nəticələri almaq üçün texnologiyadan geniş istifadə edirlər. Məsələn McDonald’s şirkəti satışları saniyəbəsaniyə izləməyə imkan verən proqram təminatına sahibdir. Bu cür detallı statistika anbarların tutulmasından başlayaraq işçi performansını ölçməyə qədər bir çox detal üzərində şirkət üçün güclü ölçmə və qərar vermə alətidir. Unudulmamamsı lazım olan məqam isə bütün proseduralara nəzarətin təmin olunmasıdır, çünki nəzarət olmayan yerdə xaos olur.

9. Fəaliyyət və tətbiqetmə mərkəzlilik – Çevik şirkətlər qəbul etdikləri qərarları dərhal tətbiq etməyə can atarlar. Çünki tətbiq edilməyən qərarlar sadəcə söz olaraq qaldıqları üçün, şirkətə heç bir üstünlük vermir, əksinə rəqabətli bazarda onu geri salır.

10. Nəticə mərkəzlilik – Bu tip şirkətlərdə əsas olan nəticədir, çünki heç bir gözəl söz nəticə əldə etmənin yerini tuta bilməz. Atalar sözlərimizdən gözəl misal olaraq “Ən yaxşı iş bitmiş işdir” demək yerinə düşər.

Bundan ziyadə çeviklik güclü fərqliləşmə elementi ola bilər. İnsan həyatını çevikləşdirən və asanlaşdıran məhsul/xidmət təklif edən şirkətlər digərlərindən pozitiv şəkildə fərqlənirlər. Çünki bir qayda olaraq bazarda çevik şirkətlərin sayı o qədər də çox olmur. Çevik şirkətlər öz kateqoriyalarında rəqabət şərtlərini yenidən yaradırlar. Arman Kırıma görə bir çevik şirkət beş yavaş şirkəti bazarda aradan qaldırma iqtidarındadır. Məsələn fərqli aksesuarlar, oyuncaq, kitab, elektron məhsullar və.s satan veb saytın yaradılması eyni işlə məşğul olan mağazaların bazarını daraltmaqdadır. Jason Jenningin dediyi kimi: “Artıq böyük balıqlar kiçik balıqları deyil, çevik balıqlar yavaş balıqları yeyir”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər