Azərbaycan Respublikasının Baş naziri
Əli Hidayət oğlu Əsədov 1956-cı il noyabrın 30-da Bakı şəhərində anadan olub, 1964-1974-cü illərdə Bakı şəhərində 134 nömrəli məktəbdə təhsil alıb.
1974-cü ildə Moskva şəhərində Plexanov adına Xalq Təsərrüfatı İnstitutuna daxil olub və 1978-ci ildə həmin İnstitutu bitirib.
1978-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi çalışıb.
1978-1980-ci illərdə ordu sıralarında xidmət edib.
1980-ci ildə yenidən Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna qayıdaraq, 1981-ci ilədək baş laborant kimi fəaliyyətini davam etdirib.
1981-1984-cü illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda aspirant olub, 1985-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.
1985-1989-cu illərdə isə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi və elmi işçi kimi fəaliyyət göstərib.
1989-cu ildən pedaqoji fəaliyyətə başlayıb və 1995-ci ilədək Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent və kafedra müdiri kimi çalışıb.
1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
1998-ci il aprelin 17-də Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.
2012-ci il 29 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin olunub.
2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri kimi çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.
1993-cü ilin fevralında Yeni Azərbaycan Partiyasına daxil olub, YAP-ın Siyasi Şurasının üzvüdür.
Təltiflər:
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni (2012-ci il)
1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni (2016-cı il)
Ailəlidir, iki övladı var.