9 C
Baku
Thursday, December 12, 2024

Tahir Mirkişili: Vergi güzəştlərinin tətbiq olunması avtomobillərin qiymətinin daha münasib olmasına imkan yaradır

Sənaye məhəllələrində yüksək texnologiyaların tətbiqi, yeni istehsal sahələrinin yaradılması regionlarda iqtisadiyyatın inkişafında mühüm rol oynayan amillərdən biridir. Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

Deputat bildirib ki, 2018-ci ilin I rübündə Azərbaycanda qeyri-neft sənayesində məhsul istehsalı 10 faiz artıb. Qeyri-neft sənaye istehsalının 21,3 faizi emal sektorunun payına düşür ki, bu sektorun da böyüməsində son zamanlar yaradılan sənaye parklarının və sənaye məhəllələrinin rolu çox böyükdür. Emal sektorunda tütün məmulatlarının istehsalı 2,8 dəfə, hazır metal məmulatlarının istehsalı 2,5 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,0 dəfə və s. artması bu sektorun gələcəkdə də sürətli artım nümayiş etdirəcəyindən xəbər verir.

Sənaye məhəllələrində yüksək texnologiyaların cəlb olunması ilə yeni istehsal sahələrinin yaradılmasının əhəmiyyətindən danışan T.Mirkişili deyib: “Neftçala Sənaye Məhəlləsində avtomobil zavodunun açılması həm də texnologiyaların regionlara cəlb olunması baxımından da vacibdir. Artıq istifadəyə verilən bu zavod bir tərəfdən Azərbaycana investisiya axınını təmin edir, yeni məhsullar istehsal edir, yeni dəyər yaradır, digər tərəfdən isə yeni iş yerlərinin yaradılmasına təkan verir. İnkişaf edən hər bir ölkədə olduğu kimi, Azərbaycanda da avtomobillərə tələbat artır. Ölkənin iqtisadi potensialı artdıqca, müasir texnologiyalar ilə təmin olunmuş avtomobillərin alınması üçün tələbat yüksəlir. Vergi güzəştlərinin tətbiq olunması avtomobillərin qiymətinin daha münasib olmasına imkan yaradır və onların əlçatanlığını daha da artırır. Dünyanın avtomobil istehsal edən bütün ölkələrindəki təcrübə göstərir ki, avtomobil istehsal edən zavodların mövcudluğu onunla bərabər digər sahələrin də inkişafına təkan verir. Bu, ehtiyat hissələri istehsalı, avtomobillərə xidmətlə bağlı digər sahələrdir. Bu baxımdan sənayenin inklüziv inkişafı təqdirəlayiq haldır”.

Hacıqabulda yaradılan sənaye məhəlləsində Rusiya ilə birgə kommersiya avtomobillərinin yığılacağını da vurğulayan T.Mirkişili diqqətə çatdırıb ki, bu, həm yerli tələbatı ödəmək, həm də qonşu ölkələrə ixrac baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin əlverişliliyi və coğrafi əhatə dairəsinin geniş olması sənaye məhəllələrində istehsal olunan istənilən rəqabətqabiliyyətli məhsulun ixrac imkanlarını xeyli artırır.

“Bütün bu layihələr isə son nəticədə regionlarda məhsul istehsalının artmasına, yeni iş yerlərinin açılmasına və əhalinin maddi rifah halının yaxşılaşmasına xidmət edəcək”, – deyə Milli Məclisin deputatı bildirib. (Azərtac)

Son xəbərlər
Digər xəbərlər