Cənub-Şərqi Asiya ölkəsi Tailand 2024-cü ilin ilk yeddi ayında Azərbaycandan 376.88 min ton və ya təqribən 2.87 mln. barel həcmində xam neft almaqla öncəki ili xeyli üstələyib.
Banker.az rəsmi gömrük rəqəmlərinə istinadən xəbər verir ki, bu xam neftin dəyəri isə $234.24 mln. olub.
Tailand qeyd edilən rəqəmlə Hindistandan sonra ən iri xam neft alan Asiya ölkəsinə çevrilib (Dövlət Gömrük Komitəsinin statistikası). Hətta cari ildəki göstərici ilə illərdir ölkəmizdən ən çox neft alan Türkiyə, Yunanıstan, İspaniya və Fransanı da geridə qoyub.
Keçən ilin yanvar-iyul aylarında tankerlər Tailanda cəmi 48.69 min ton və ya $26.1 mln. dəyərində xam neft daşımışdır
Beləliklə, xam neftin həcmi illik müqayisədə cari il 8 dəfəyə yaxın, dəyərin həcmi isə 9 dəfə artmış olub.
Xam neftin həcminin dəyərdən daha kəskin artımına səbəb qiymətlərin öncəki ildən orta müqayisədə 16% baha olmasıdır. Azərbaycan 2022-ci ildə bir ton xam nefti Tailanda $536-a satdığı halda, cari ildə qiymətlər $621-in üzərinə qalxıb.
2023-cü ildə 71 milyon üzərində əhalisi olan Tailandın əsas neft tədarükçüsü müvafiq sıralama üzrə Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı və ABŞ-dir. Keçən il ümumilikdə Tailand xaricdən 58 milyon ton və ya 34 milyard dollar üzərində xam neft almışdı.
Azərbaycanın xam neftini alan ölkələr (2024, yanvar-iyul) | ||
Ölkələr | Miqdar, ton | dəyər, min $ |
Cəmi | 14,696,092.26 | 9,225,936.20 |
İtaliya | 5,671,605.25 | 3,600,300.61 |
İsrail | 1,830,177.70 | 1,123,251.15 |
Çexiya | 941,737.86 | 597,150.36 |
Hindistan | 894,129.59 | 568,773.53 |
Xorvatiya | 866,671.81 | 547,257.38 |
Portuqaliya | 640,089.12 | 404,303.28 |
Böyük Britaniya | 650,115.40 | 390,895.78 |
Almaniya | 530,165.50 | 348,302.49 |
Rumıniya | 433,832.59 | 269,181.65 |
Tailand | 376,876.12 | 234,238.66 |
Tunis | 256,640.09 | 163,897.06 |
Türkiyə | 265,401.01 | 147,739.53 |
Yunanıstan | 228,237.47 | 144,806.06 |
İndoneziya | 211,197.58 | 129,949.11 |
Niderland | 168,985.69 | 106,838.99 |
Serbiya | 158,383.41 | 98,354.90 |
İspaniya | 166,327.26 | 96,479.12 |
Uruqvay | 138,719.62 | 85,099.83 |
Polşa | 90,150.50 | 57,363.56 |
Fransa | 89,712.83 | 57,085.07 |
İrlandiya | 86,042.67 | 54,233.98 |
Özbəkistan | 893.20 | 434.09 |