23 C
Baku
Monday, July 15, 2024

Taksi xidməti sahəsindəki tənzimləmələr – Nə etməliyik?

Rəqəmsal inkişaf və nəqliyyat naziri hörmətli Rəşad müəllimin taksi xidmətləri ilə bağlı fikirləri ictimaiyyətdə müzakirələrə səbəb olub. Təbiidir. Çünki, hər birimizi maraqlandıran, istər dövlətin, istərsə də cəmiyyətin marağı dairəsində olan məsələdir.

Müsahibədə Qanunvericiliyə dəyişikliklər ediləcəyi ilə bağlı anons verildiyi üçün məsələnin təkcə Rəşad müəllimin deyil, həm də Nazirliyin mövqeyi olması fikri təsdiqlənir. Bu da təbiidir. Çünki, Rəqəmsal inkişaf və nəqliyyat nazirliyi bu sahədə müəyyən işlər görmək istəyir. Lakin, taksi xidməti təkcə ictimaiyyətin maraq və mənafeyinə deyil, dövlətin maraq və mənafeyinə xidmət edən önəmli bir sahə olduğu üçün aşağıdakı məsələlərin də dövlət və Qanunverici orqan tərəfindən nəzərə alınacağı ehtimalı yüksəkdir.

– Bakıda göstərilən taksi xidməti məşğulluğun təminində önəmli rollardan birini oynayır. Taksi xidmətlərinin mərkəzləşməsi büdcəyə əlavə 10 manat gəlir gətirsə, taksi xidmətindən kənarda qalanların sosial təminatları üçün büdcədən 30 manatın xərclənməsinə səbəb olacaq. Burada sərt tənzimləmələr dövlətin üzərinə əlavə yük gətirər. Bunu dövlət orqanlarının hesabladıqlarına və hökumətin nəzərə alacağına inanıram;

– Ucuz taksi xidmətləri əhalinin imkanlarına uyğun olduğu üçün əhali tərəfindən bu sahədə narazılıq yoxdur;

– Taksi xidmətlərinin ucuz olmasından şikayətlənən taksi sürücülərinin xidmət göstərməmək seçimi var;

– Xidmətlə bağlı narazılıqlar var. Amma xidmətlə bağlı narazılıqlar ölkəmiz üçün vacib olan turizm sahəsi də daxil olmaqla bir çox sahələrdə var. Digər tərəfdən, gündə taksi ilə 50 min sərnişin daşınır və həmin sərnişinlərdən hər gün 5-10-15 sərnişin kobud və hər hansı cəhətdən doğru olmayan xidmət gördükdə bunu sosial şəbəkələrdə hay-küylə çatdırırsa, lakin qalan 49,985 nəfər heç nə demirsə, bu əhalinin taksi xidmətlərindən narazı olması demək deyil;

– Əhalinin ictimai nəqliyyatdan istifadə məsələsinə gəlincə. İctimai nəqliyyat, xüsusilə metrodan kifayət qədər əhali istifadə edir. Pik saatlarda isə təəssüf ki, bəzən metroya minmək basabas səbəbindən çətin olur. Biz bu sahədə də analitik hesablamalardan qaçırıq. Metronun hazırda fəaliyyət göstərən 27 stansiyası var. Ölkə rəhbərinin metro stansiyalarının sayının artırılması ilə bağlı sərəncam və diqqəti nəticəsində stansiyaların sayları artmış və artmaqda davam edəcək. Lakin, stansiyaların sayları artdıqca metrodan istifadə edənlərin də sayı artacaq, metroda basabas da. Çünki, (hesablamanın asan olması üçün şərti rəqəmlərlə qeyd edirəm) əgər metroda 15 stansiya olduqda 2 xətt üzrə interval 3 (hər xətt üzrə 1,5 dəqiqə) dəqiqə idisə, hazırda stansiyalarının sayı artan hər 2 xətt üzrə intervalın 2 dəqiqə olması da (hər xətt üzrə 1 dəqiqə) kifayət etməyəcək. Çünki, metrodan istifadə edənlərin sayı həm stansiyaların artması səbəbindən, həm də yeni deyil, hətta əvvəlki stansiyalardan istifadə edən əhalinin də sayının artması səbəbindən çoxalıb. Yəni, bu hesablamalar nəticəsində sual meydana çıxacaq: yüklənmənin olmaması üçün əslində tələb olunan intervala qatarların sayları və sürəti kifayət edirmi? Hesablamalardan sonra çıxacaq nəticə bu olacaq ki, metronu bundan artıq yükləməyə çalışmağa (başqa sözlə zorlamağa) ehtiyac yoxdur. Onsuz da metronun yükü qeyd etdiyim səbəblərdən artır;

– Avtobus nəqliyyatı isə yeganə yerüstü ictimai nəqliyyat kimi əziyyət çəkir. Səbəblər təkcə tıxac deyil. Avtobus üçün yeganə yerüstü nəqliyyat vasitəsi avtomobillər və taksi xidmətidir. (tramvay, trolleybusların olmaması nəzərdə tutulur). Bundan sonra ictimai nəqliyyatı yükləməyə çalışmaq səmərəli olmayacaq. Yazını uzatmamaq üçün digər səbəbləri sadalamağa ehtiyac yoxdur;

– Mən də bir vətəndaş kimi Bakıda gözəl görünüşlü, eyni rəngli taksilərin olmasını istəyərəm. Lakin, İstanbuldakı taksi rəzaləti məni başqa cür düşünməyə vadar edir. Yerli vətəndaşlarla kobudluq, onlara xidmət göstərməkdən imtina etmək, məsafəni uzun yollarla gedib uzatmaq və sair. Yalnız turistlərə xidmət göstərməyə çalışmaq. Turistləri aldatmaq. Saymaqla bitmir. İstanbul polisinin əsas qayğı və problemlərindən biri taksi fəaliyyətindəki özbaşınalıqlarla mübarizə aparmaqdır;

– Turizmdən söz düşmüşkən. Turistlər maşın sürmür, amma taksidən istifadə edirlər. Turizm mövsümündə taksi çatışmazlığı, qiymətlərin süni şəkildə şişirdilib əhalinin narazı salınması (nəticədə əhalidə turistlərə də qarşı haqsız olaraq şüurlu və şüuraltı bir təpki formalaşır) və digər bu kimi halların olmaması üçün turistlərin getdikləri məkanlarda məsələn London taksilərinin xidmətinə imkan yaratmaq olar. Turistlər də həmin taksilərdən rahat şəkildə istifadə edə bilər. Taksi sayı azaltmaq isə əks effekt verər. Nəzərə alaq ki, turizm ölkəmizin iqtisadiyyatı üçün hər birimizin (elə ictimaiyyətin də, əhalinin də) düşündüyündən qat-qat böyük əhəmiyyətə malikdir və bu əhəmiyyət hər il artacaq. Turizimin inkişafı üçün də yanaşmalarda dəyişikliklərə ehtiyac vardır ki, bu da başqa bir mövzudur;

– Əslində daha 5-6 məsələ var. Amma, fikirlərimi yekunlaşdırmaq üçün taksi xidməti ilə bağlı bir çox burada qeyd edilən və edilməyən incə nüansların nəzərə alınması, iqtisadi itkiləri və mövcud riskləri düzgün qiymətləndirdikdən sonra bu sahədə ictimaiyyətin, iqtisadiyyatın və dövlətin mənafelərinin düzgün kəsişmə nöqtəsinin tapılıb uyğun bir qərarın olacağını düşünürəm. 

Müəllif:
Elman Sadıqov,
iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər