Rəşad Həsənov: “İstehlak kreditlərinin maliyyələşməsində müəyyən çətinliklərlə üzləşən banklar taksit kartları ilə vəziyyəti nisbətən öz xeyirlərinə dəyişmək istəyirlər”
Azər Mehtiyev: “Bankların likvidlik dərəcəsininn qiymətləndirilməsindən asılı olaraq, bu tendensiya onlara problem yarada bilər”
Son dövrlərdə Azərbaycanda taksit kartları bazarının əhəmiyyətli dərəcədə genişlənməsi müşahidə olunmaqdadır. Taksit kartları hesablaşma zamanı ödənişi bərabər hissələrlə həyata keçirməyə imkan verən sistemin şərti adıdır. Hazırda xeyli sayda bank belə kartların buraxılması ilə məşğul olur. Ölkənin bank nəhəngləri sayılan Azərbaycan Beynəlxalq Bankı ilə «Kapitalbank» da taksti kartlarının buraxılışını həyata keçirir.
İqtisadçı-ekspert Rəşad Həsənov düşünür ki, 2014-cü ildə Mərkəzi Bank tərəfindən tətbiq olunan məhdudiyyətlər bankları taksit kartlarından geniş istifadə etməyə meylləndirib: “2014-cü ildə Mərkəzi Bank tərəfindən tətbiq edilən müəyyən məhdudiyyətlər nəticəsində hazırda bankların istehlakı kreditləşməsində müəyyən problemləri ortaya çıxıb. Xüsusilə iş yerindən tələb olunan sənədlər, əmək haqqı ilə bağlı arayış kimi məsələlərlə əlaqədar olaraq, hazırda istehlak kreditlərinin maliyyələşməsində müəyyən çətinliklərlə üzləşən banklar yeni metodlar tətbiq etmək, taksit kartları ilə vəziyyəti nisbətən öz xeyirlərinə dəyişmək istəyirlər. Digər bir məsələ isə ondan ibarətdir ki, ölkədə sektorun yeni inkişaf etməsi bu günə qədər taksit kartlarının ölkədə geniş yayılmamasına səbəb olmuşdu.
Bununla bağlı ciddi bazar boşluğu hökm sürürdü. Belə şəraitdə banklar çalışır ki, öz məqsədləri üçün yaranmış vəziyyətdən istifadə etsinlər. Taksit kartlarından inkişaf etmiş ölkələrdə geniş şəkildə istifadə olunur. Lakin bunun nöqsanlı tərəfləri də mövcuddur. Qonşu Türkiyədə bununla bağlı dəfələrlə ciddi problemlər yaranıb. Xüsusən də, taksit kartları vasitəsilə istehlak artır, yəni daxili tələbat artır. Bunun özü iqtisadiyyatın inkişafı üçün müsbət addımdır. Lakin digər tərəfdən sonradan borcların geri qaytarılmasında problemlər yaranır ki, bununla bağlı dəfələrlə qonşu ölkə parlamentində müzakirələr aparılıb, amnistiyalar élan edilib. Bu isə həm dövlət, həm də özəl sektor üçün ciddi problemlərə səbəb olur. Həmin sahənin son dövrlər Azərbaycanda sürətli inkişafını nəzərə alaraq, bu istiqamətdə müəyyən mexanizmlərin tətbiqi və nəzarətin gücləndirilməsinə ciddi ehtiyac olacaq. Hazırda banklar həmin sahəyə yeni gəlir mənbəyi kimi baxır, onu eyni zamanda, istehlak kreditlərinin maliyyələşməsi istiqamətində yeni bir yol kimi görürlər.
Taksit kartları vətəndaşları hər hansı bir məhsulun alınmasında müəyyən imkanlar yaradır. Vətəndaş da bu reallıqdan çıxış edərək, taksit kartlarının imkanlarından istifadə edir. Lakin onun sonradan ödənişi məsələsiə müəyyən problemlər ortaya çıxır. Bu sahədə Türkiyənin təcrübəsi dərindən öyrənilməli, yaranmış vəziyyətdən çıxış yolları aranmalı, gələcəkdə sektoru hansı problemlərin gözlədiyi müəyyənləşməlidir”.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev bildirdi ki, banklar əldə etdikləri vəsaitləri yerləşdirməkdə çətinlik çəkdiyindən taksin kartlarına daha çox üstünlük verməyə başlayıblar: “Taksit kartları insanlara sanki güzəşt vəd edir. Burada ödəniş şərtləri diqtə olunur. Ancaq unutmaq lazım deyil ki, taksit kartları da kredit kartlarıdır və insanlara verilən vəsaitlər kreditə verilir. İlk baxışdan ödəniş prosesi asanlaşsa da, sonradan bu vəsaitin zamanla ödənilməsi gündəmə gəlir. İndiki halda bu tendensiya bankların əldə olunan vəsaitləri yerləşdirməklə bağlı üzləşdiyi problemlərlə bağlıdır. Çünki, banklar bu və ya digər səbəbdən uzunmüddətli kredit verə bilmir. Bu da daha çox olaraq iqtisadiyyatda olan ümumi vəziyyətdən asılıdır. Belədə banklar uzunmüddətli kreditlərə meylli deyillər. İstehlak kreditlərilə bağlı da zaman-zaman problemlər yaşanır. Mərkəzi Bank da son zamanlar istehlak kreditinin məhdudlaşdırılması istiqamətində addımlar atır. Belədə banklar müxtəlif variantlar üzərində düşünməyə başlayır. Onlardan biri də həmin taksit kartları sistemidir ki, bu da istehlakçı üçün maraqlı görünür. Çünki onlar bu zaman çox asanlıqla ticarət edə bilir. Həmin vəsaitin zaman-zaman ödənilməsi onlara müəyyən güzəşt imkanları yaradır. Bankların təqdim etdiyi bu fəaliyyət onların özləri üçün də sərfəli olur. Bu, bankların öz resurslarını yerləşdirməyə imkan verən bir vasitədir. Taksit kartları da dolayısı ilə istehlak kreditinin bir forması kimi çıxış edir. Burada da söhbət istehlak kreditindən getdiyindən, daha çox cari ticari əməliyyatlarda mağazalar və dükanlarda həyata keçirilən alış növüdür. Təbii ki, burada müəyyən nəzarətdə saxlama imkanları da mövcuddur. Bankların likvidlik dərəcəsininn qiymətləndirilməsindən asılı olaraq, bu tendensiya onlara problem yarada bilər. Ona görə də banklar da prosesi nəzarətdə saxlamaqda maraqlıdır”.
Movqe.az