“Taliban” hərəkatı Fransa Prezidenti Emmanuel Makronun Kabildə təhlükəsizlik zonasının yaradılması ilə bağlı təklifini lazımsız adlandırıb.
Bu barədə “Taliban” hərəkatının rəsmi nümayəndəsi Sohail Şahin “France Inter” telekanalına verdiyi müsahibəsi zamanı bildirib.
“Buna ehtiyac yoxdur. Əfqanıstan müstəqil ölkədir. Belə bir zonanı Fransa və yaxud Böyük Britaniyada yaratmaq mümkündürmü?”, – deyə Sohail Şahin vurğulayıb.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron avqustun 29-u Kabildə təhlükəsizlik zonasının yaradılmasını təklif edib. O bildirib ki, Fransa Böyük Britaniya və Almaniya ilə birlikdə Kabil hava limanına təhlükəsiz girişin təmin edilməsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasına təklif irəli sürüb.