Taliblər (“Taliban” hərəkatının üzvləri) qadınların “qurban” olmasını istəmirlər və onlara televerilişlərdə aparıcı olmağa, o cümlədən hökumətdə iştirak etməyə icazə verir.
Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə radikal hərəkatın nümayəndələrindən birində istinadən “Al Hadath” telekanalı məlumat verib.
“Bu gün qadın aparıcılarla yayımımızı bərpa etdik. Hal-hazırda aparıcımız “Taliban” media komandasının üzvündən müsahibə alır”, – deyə “TOLOnews” telekanalının xəbərlər şöbəsinin rəhbəri Mirak Popal söyləyib.
Qeyd edək ki, Əfqanıstanın taliblər tərəfindən ələ keçirilməsindən sonra ölkədəki qadınlar təhsillərinə və işlərinə davam edə bilməyəcəklərindən narahat olmağa başlayıblar. Terror qruplaşması onların “çadra taxmaq şərti ilə” hüquqlarına hörmək edəcəyinə söz verib.
Əfqanıstanda “Taliban” hakimiyyəti dövründə (1996-2001) qadınların hüquqları əhəmiyyətli dərəcədə məhdudlaşdırılmışdı. Onlara makiyaj etmək, ictimai yerlərdə üzlərini göstərmək, radio və televiziyada işləmək, o cümlədən kişi qohumları olmadan səyahət etmək qadağan edilmişdi.
Xatırladaq ki, 15 avqustda taliblər Kabula daxil olub. Eyni gündə Əfqanıstan prezidenti Əşrəf Qani istefa verərək ölkəni tərk edib. ABŞ prezidenti Co Bayden onun güclü dəstəyinə baxmayaraq, Əfqanıstan hökumətinin “Taliban”a təslim olduğunu söyləyib. O, qoşunları Əfqanıstandan geri çəkdiyinə görə peşman olmadığını əlavə edib.