Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” qadınlara işə getməyi qadağan edib.
Banker.az “Secretmag”a istinadən xəbər verir ki, bu barədə Kabilin müvəqqəti meri Həmdullah Namoniyə istinadən “Bloomberg” agentliyi məlumat yayıb. Bildirildiyi kimi, kişilərin əvəz edə bilmədiyi vəzifələr istisna olacaq. Onlar sırasına dizayn və mühəndislik şöbələrinin ixtisaslı işçiləri, o cümlədən qadın tualetlərinin xadimələri daxil edilib.
Həmdullahın sözlərinə görə, Kabilin bələdiyyə idarəsində çalışan qadınlarla bağlı son qərar hələ verilməyib, buna görə də onlar əməkhaqqı almağa davam edəcəklər. Xatırladaq ki, “Taliban” Əfqanıstanı ələ keçirməzdən əvvəl şəhərin 3000 işçisindən üçdə biri qadınlar olub.
Daha əvvəl taliblər yalnız kişilərdən ibarət olan müvəqqəti hökumət qurduqlarını elan ediblər. Qadın İşləri Nazirliyinin yerinə isə “fəziləti təbliğ etmək və şərin qarşısını almaq üçün” yeni nazirlik yaradıblar.
“Taliban”ın 1990-cı illərdəki hakimiyyəti dövründə qızlara və qadınlara məktəbə getmək və işləmək qadağan olunmuşdu. Sentyabrın 17-si yeni hökumət 6-12 siniflərdə oxuyan oğlan uşaqlarını və onlara dərs deyən kişi müəllimləri məktəblərə qayıtmağa çağırıb.
Bundan əlavə, ölkədə kişilərin qadınlara dərs keçməsi də rəsmi olaraq qadağan edilib. Hüquq müdafiəçiləri qeyd edirlər ki, bu qərar qız uşaqlarını ali təhsil almaq hüququndan məhrum edəcək, çünki Əfqanıstan universitetlərində çalışan müəllimlərin böyük hissəsi kişidir.