10 C
Baku
Monday, November 18, 2024

TamKart Debet – müsbət və mənfi cəhətləri

Banker.az Azərbaycanın bank bazarında olan bank məhsullarının monitorinqini davam etdirir. Bu yazılarımızın əsas məqsədi istifadəçilərə bu və ya digər bank məhsulunun üstün və mənfi cəhətlərini çatdırmaq – onları gələcək maliyyə xərclərindən qorumaqdır.

ABB tərəfindən buraxılmış TamKart artıq 2 ilə yaxın bir müddətdir ki, bazarda olmasına baxmayaraq, bu kart hələ də öz aktuallığını saxlamaqdadır və hətta geniş kütlənin rəğbətini qazanmaqda davam edir. Qeyd edək ki, bu yazımızda kartın yalnız debet kart versiyasını gözdən keçirəcəyik. Taksit kart hissəsi növbəti yazılarda ayrıca əhatə ediləcəkdir.

İlk növbədə onu bildirək ki, bu kart öz dövrü üçün kifayət qədər innovativ kart hesab edilir. Çünki digər kartlardan fərqli olaraq, bu kart özündə 2 kartı birləşdirir və gələcəkdə əgər kredit götürmək niyyətiniz olsa, bunun üçün əlavə kart almağa ehtiyac qalmayacaqdır.

TamKartın istifadəçiyə verdiyi imkanlar, ümumi olaraq, aşağıdakı cədvəldə qeyd edilmişdir.

Capture 1

Göründüyü kimi, kartlar əsasən 4 kateqoriyaya bölünüb. Adi debet kart, Gold kart , Platinum kart və  Premium kart. Bu kartlar bir-birindən nəinki dizaynına görə, həmçinin təklif etdiyi imkanlarına görə fərqlənir. Hər bir kateqoriyanın həm Visa, həm də Mastercard versiyası mövcuddur – bu da sırf istifadəçinin istəyindən asılıdır. Bunun Azərbaycanda daxili istifadədə elə bir əhəmiyyəti yoxdur. Bəzən nağdsız ödənişlərin təşviqi çərçivəsində Visa və Mastercard Azərbaycanda müxtəlif kampaniyalar keçirirlər və belə bir fərq, adətən, bu kampaniyalarda faydalanmaq baxımdan mahiyyət kəsb edir.

İlkin olaraq, kartın müsbət xüsusiyyətlərin qeyd etmək lazımdır.

Müsbətlər

Untitled 2

Cashback-Bu kartın müsbət xüsusiyyətlərindən biri onun hansı versiyasının almağınızdan asılı olmayaraq, bütün alış-verişlərdə minimum 1% cashback-ın olmasıdır. Qeyd edək ki,  ABB-yə məxsus bütün cashback qaytaran kartlarında taksit əməliyyatları, kommunal ödənişlər, mobil operator ödənişləri, vergi/gömrük, dövlət və sığorta ödənişləri, maliyyə institutlarına ödənişlər, kredit ödənişləri, KartTransfer, Unique cash, Quasi cash ödənişləri zamanı cashback hesablanmır.  Həmçinin eyni kartla ay ərzində qazanılan maksimal cashback məbləği 300 AZN-dir.

Cashback layihəsinin digər tərəfi isə bankın QayğıCash adlandırdığı layihəsidir. Siz ABB-yə məxsus hər hansı bir kartla bu kluba üzv olan hər hansı bir yerdə ödəniş etsəniz, sizə müəyyən faiz cashback olaraq geri qayıdacaq. Faizlər dəyişkəndir. Onların tam siyahısı ilə buradan tanış ola bilərsiniz. Qeyd edək ki, bu cashback-ı ala bilmək üçün mütləq ödəniş ABB-yə məxsus POS terminal vasitəsi ilə edilməlidir. Odur ki, mağazada və ya restoranda kartla ödəniş zamanı ABB-yə məxsus POS terminalı tələb edin.

Untitled 2 Kartın digər müsbət cəhəti, ABB-yə məxsus olan istənilən karta “Card to Card” əməliyyatı edən zaman faizin tutulmamasıdır. Bu ola bilər ki, bank tərəfindən müvəqqəti tətbiq edilsin, lakin indiki şəraitdə bir çox insan üçün olduqca faydalı bir imkandır.

Untitled 2 TamKart debetin digər üstün cəhətlərindən biri isə onun müəyyən şərt əsasında pulsuz əldə etmək imkanının olmasıdır. Bunun üçün kartın imkanından və statusundan asılı olaraq, siz karta tələb olunan vəsaiti mədaxil edirsinizsə ( yəni hesabınıza qoyursunuzsa) o zaman kart sizə pulsuz təqdim edilir  və sonradan o vəsaiti siz hesabınızdan dərhal çıxara bilərsiniz. Hazırda kartın növündan asılı olaraq, TamKart debeti pulsuz almaq üçün mədaxil edilməsi tələb olunan vəsaitin həcmi 500-5 000 AZN arası dəyişir. Qeyd edək ki, yeganə olaraq TamKart VISA/Mastercard Premium Debet kartını pulsuz əldə etmək imkanı yoxdur.

Untitled 2Lounge Key. TamKart debetin 2 versiyasında (Platinum debet və Premium debet) Lounge Key təqdim edilir. Platinum kart üçün 1 giriş, Premium debetdə isə 6 giriş nəzərdə tutulub. Bu xidmət vasitəsi ilə siz xaricə təyyarə vasitəsi ilə uçuşlar zamanı dünyanın çox hava limanında olan 850-dən artıq lounge kafelərə pulsuz giriş əldə etmiş olursunuz. Bu lounge-larda siz uçuşunuzu gözləyən zaman faydalana bilərsiniz.

Untitled 2 Kartın müddəti.  Bank bu kartları kifayət qədər uzun müddətə təqdim edir. Bütün kartlar demək olar ki, 5 illik müddətə müştəriyə təqdim edilir. Yeganə olaraq, Premium kart 3 illik müddətə verilir. Açığını desək, bu qiymətə (və bəzi halda pulsuz təqdim edilən) kartın bu müddətə verilməsi  Azərbaycan bazarı üçün kifayət qədər yaxşı göstəricidir. Əsas odur ki, kartın plastik daşıyıcısının fiziki olaraq bu müddətə tab gətirməsi məsələsi vardır – bunu da zaman göstərəcəkdir.

Untitled 2 Hesab qalığına faizin hesablanması. Bankın belə bir imkanının son vaxtlar aktivləşməsi tədqirəlayiq addımdır. Bu sizin kartınızda qalan vəsaitə hər ay sonu 2-3%  (kartdan asılı olaraq) hesablayaraq sizin kart hesabınıza mədaxil etməsidir. Bu imkan bazarda olan bəzi kartlarla müqayisədə aşağıdır (bəzi banklarda bu faiz 5-6%-dir) lakin, ümumiyyətlə olmasını müsbət hal kimi qiymətləndiririk. Bir məsələni də qeyd edək ki,  hesab qalığına faizin hesablanması müəyyən limitə qədər hesablanır. Bu limit kartdan asılı olaraq dəyişir və 5 000-50 000 AZN aralığında ola bilər. Yuxarıdakı cədvəldən hansı kartda hansı məbləğ olduğunu müəyyən edə bilərsiniz. Yeri gəlmişkən, bu hesablama yalnız ABB Mobile proqram təminatından qeydiyyatdan keçən müştərilərdə aktivləşdirilir.

Untitled 2 Nağdlaşdırmanın pulsuz olması. Bu məsələ Azərbaycan banklarına məxsus olan kartların ən böyük problemlərindəndir – bütün banklar nağdlaşdırmadan pul qazanmağa çalışır. Lakin bu kartdan  siz ay ərzində 15 000 manata qədər vəsaiti əlavə pul tutulmadan çıxara bilərsiniz. Bundan yuxarı məbləğ çıxarsanız, sizdən çıxarılan vəsaitin 1% tutulacaqdır.

Untitled 2 Karta vəsaitin rahat qoyulma imkanı. Bu karta vəsaitin qoyulması prosesi rahatdır. Bunun üçün bankın filiallarında növbə tutub gözləməyə ehtiyac yoxdur, bunun üçün siz ya ABB Mobile vasitəsi ilə digər kartınızdan bu karta vəsaiti faiz tutulmadan köçürə bilərsiniz və ya MilliÖn və Emanat terminalları vasitəsi ilə karta vəsaiti mədaxil edə bilərsiniz.

Untitled 2Fast Line xidməti. Bu xidmət yalnız TamKart Platinum və TamKart Premium kartlarında mümkündür. Birincisində 2 keçid, digərində isə limitsiz istifadə mümkündür. Bu xidmətin mahiyyəti ondan ibarətdir ki, siz hava limanlarında qeydiyyat prosesini xüsusi xidmət olaraq sürətli həyata keçirə bilərsiniz. Bura bəzən baqajın sürətli təhvilidə aid edilir.

imagesMənfilər

Kartın digər kartlarla müqayisədə mənfi cəhətləri çox deyil. Lakin detallara getdikdə müəyyən nüansların başqa cür olmasını bir çox müştərilər arzu edərdilər.

  • Kartın iki tərəfli olması. Bu müəyyən hallarda müsbət hal hesab edilsə də, müəyyən hallarda isə müştəridə qıcıq yaradır. Müştəri əgər yalnız debet kart alırsa, onun kredit tərəfi ehtiyac deyil- buna baxmayraq ABB Mobile-də və bankın öz sistemində də müştərinin adına 2 kart açılır. Bu həm də kartdan istifadə zamanı əlavə bir addımın yaranmasına gətirib çıxarır. Misal üçün, bankomatdan istifadə zamanı mütləq gərək seçilə ki, debet kartdır və s.
  • Hesab qalığına faizin hesablanması. Faizinin bazarda olan digər kartlarla müqayisədə nisbətən aşağı olmasıdır.
  • Kartın xaricdə istifadəsi üçün xüsusi imtiyazlarının olmaması.
  • Sənədləşmə prosesinin nisbətən uzun olması. Bunun üçün demək olar ki, bütün hallarda filiala gedib növbə gözləməli olursunuz. Prosesi tam online aparmaq olmur və bu da rahat deyil.
  • Kartın dizaynı daha yaxşı ola bilərdi. Amma bu daha çox subyektiv səbəb hesab oluna bilər.

Kartın dizaynları

Son xəbərlər
Digər xəbərlər