7 C
Baku
Thursday, December 12, 2024

TANAP konsorsiumu boru kəmərinin ötürücülük qabiliyyətini genişləndirmək variantlarını nəzərdən keçirir

“TANAP Natural Gas Transmission Company” boru kəməri konsorsiumu (Trans-Anadolu Qaz Boru Kəmərinin inşası və istismarı üzrə operator) bu kəmərin ötürücülük qabiliyyətinin genişləndirilməsi üçün 7 variantı nəzərdən keçirir.

Bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol bildirib.

“Biz TANAP boru kəmərinin gücünün genişləndirilməsi üçün bir neçə variantı nəzərdən keçiririk. Ümumilikdə 7 ssenari öyrənilir ki, bu da müxtəlif həcmlərə genişlənməni nəzərdə tutur. Hələlik kəmərin genişləndirilməsi ilə bağlı investisiya qərarı yoxdur və TANAP konsorsiumu bunu tək qəbul edə bilməz”, – o qeyd edib.

S.Düzyol vurğulayıb ki, qaz kəmərinin gücünün artırılması barədə qərar Avropa istehlakçıları arasında müvafiq maraq, boru kəmərinin sahibləri və qaz istehsalçıları ilə razılaşmalar olduqda qəbul edilə bilər:

“Ancaq Avropa, xüsusən qaza olan tələblə bağlı aydın siqnallar göndərmir. Azərbaycanla avropalı alıcılar arasında uzunmüddətli qaz alqı-satqısı müqavilələri imzalanmalı və TANAP vasitəsilə əlavə həcmlərin nəqli üçün tranzit müqavilələri bağlanmalıdır. Hasilatın həcmini artırmaq üçün investisiya yatırmaq qərarı da qaz istehsalçısı tərəfindən verilməlidir. Bütün bunlar vaxt tələb edir”.

O qeyd edib ki, bu müqavilələr imzalandıqdan sonra kəmərin ötürücülük qabiliyyətinin artırılması ilə bağlı qərarın hansı həcmlərə yönəldiləcəyi müəyyənləşdiriləcək, layihənin büdcəsi də dəqiqləşdiriləcək.

Eyni zamanda, baş direktor qeyd edib ki, qaz kəmərinin gücünün ildə 31 milyard kubmetrə çatdırmaq üçün orta hesabla 5 il vaxt lazımdır: “Bizim əsas üstünlüyümüz yeni boru kəmərinin tikintisinə ehtiyac olmaması, yalnız əlavə kompressor stansiyalarının quraşdırılmasıdır. Hazırda iki kompressor stansiyası var, lakin TANAP ildə 31 milyard kubmetrə qədər genişləndirildikdə onların sayı 6-ya çatdırıla bilər”.

Onun sözlərinə görə, Avropada qaza tələbat azalıb və bu, qiymətləri aşağı salır və hasilatı artırmaq üçün investisiya qərarlarının qəbuluna kömək etmir. Bundan əlavə, əksər ölkələrin öz iqtisadiyyatlarını karbonsuzlaşdırmaq və aşağı karbonlu həllər həyata keçirmək istəyi də öz təsirini göstərir: “Bununla belə, biz hesab edirik ki, qaz kömür və ya nüvə yanacağı ilə müqayisədə elektrik enerjisi istehsalında istifadə üçün ekoloji cəhətdən təmiz yeganə alternativ olduğundan qaza tələbat olacaq”.

S.Düzyol həmçinin bildirib ki, TANAP kəmərinin ötürmə qabiliyyəti ildə 16.2 milyard kubmetr qaz təşkil edir ki, bunun 5.7 milyard kubmetri Türkiyəyə, qalan həcmi isə Avropaya tədarük edilir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına görə, 2024-cü il mayın 1-nə TANAP vasitəsilə 62 milyard kubmetr nəql edilib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək TAP-a birləşdirilir.

Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər