Neft… Qiyməti ilə bağlı ziddiyyətli proqnozları və sürprizləri ilə sirli tapmacaya dönən bir məhsul. Nə baş verir? Nə üçün 2018-ci ildə neft qiyməti ilə bağlı dünyanın məşhur investisiya və reytinq şirkətlərinin, OPEK kimi böyük təşkilatın, böyük dövlətlərin və analitiklərin proqnozları özünü doğrultmamaqda davam edir? Bu iki suala cavab verməyə çalışaq.
Nə baş verir?
Əksər proqnoz və gözləntilərin əksinə olaraq İrana qarşı sanksiyalardan sonra neftin qiyməti kəskin düşdü. Bu eniş davam etməkdədir. ABŞ və neft idxal edən ölkələr bu tendensiyanı alqışlayır, neft ixrac edən ölkələrdə isə əksinə, təlaş var.
İkinci sualı isə daha ətraflı təhlillə, lakin maksimum sadə və ağır olmayan bir üslubla cavablandırmağa çalışaq.
Birincisi, neftin qiymətləri ilə bağlı statistik rəqəmlərə əsaslanaraq proqnoz verməyin doğru olmadığını xüsusilə son 5-6 ay ərzində bir daha aşkar bir şəkildə gördük. Netfin qiymətləri ilə bağlı proqnozun kim (dövlət, böyük investisiya şirkəti və ya analitik) tərəfdən verilməyindən asılı olmayaraq, tələb-təklif, statistik rəqəmlər əsasında verilən proqnozlar özünü doğrultmayıb və doğrultmayacaq. Səbəbi: 1970-ci illərdə OPEK-in istehsalı azaldaraq neft qiymətlərini yüksək səviyyəyə qaldıraraq uzun müddət həmin səviyyədə saxlaması, ölkəsində bu səbəbdən baş verən staqflyasiya və yaratdığı problemləri nəzərə alan ABŞ 1979-cu ildə İranda baş verən inqilabdan sonra neft bazarında bu cür manipulyasiyaların bir daha baş verməməsi üçün əks-tədbirlər mexanizmləri işləyib hazırladı.
Bu mexanizmlər (siyasi tədbirlər, şist neft sənayesi, ərəb baharı və sair) müxtəlifdir və mövzumuz bu olmadığından geniş toxunmayaq. Bir haşiyə çıxaq: ABŞ il ərzində araşdırma-tədqiqat işlərinə 300-350 milyard dollar vəsait ayıran bir ölkədir. İdarəçiliyin 2 əsas amil üzərində (düzgün, operativ informasiya və həmin informasiyanın düzgün təhlili) qurulduğunu nəzərə alsaq ABŞ-ın ona sərf etməyən neft qiymətlərinə qarşı adekvat tədbir imkanları işləyib hazırlaya biləcək potensialının çox olduğunu bir daha görmüş oluruq. Tələb-təklif qanunauyğunluğu burada özünü ona görə doğrultmur ki, real olaraq nə qədər neft istehsalı və istehlakı ilə bağlı rəqəmlər də sual altındadır. Bu məsələlərə keçən illərdə yazdığım məqalələrimdə toxunmuşdum.
ABŞ-a neftin 60 dollardan çox olması sərf etmir
Qısa xatırlatma edim. Dünyada bir ildə faktiki satılan neft ilə birjalarda neft üzrə illik fyuçers müqavilələrinin həcmi arasındakı nisbət 1:10-dur. İkincisi, şist neftin maya dəyəri son 3 il ərzində 60 dollardan 51 dollara düşmüşdür. 2019-cu il ərzində bu rəqəmin 42 dollara qədər düşürüləcəyi planları var. Üçüncüsü, OPEK hasilatı azaltdıqca şist neft istehsalı artır və ABŞ-ın neft bazarında payı ilbəil artır. Dördüncüsü, alternativ enerji mənbələri genişlənir, inkişaf edir. Elektrik və hibrid avtomobillərin bazar payı artır və sair. Bütün bu səbəblərdən neftin qiyməti ilə bağlı proqnoz verərkən bu suala da cavab vermək lazımdır: proqnozlaşdırılan qiymət ABŞ başda olmaqla neft idxal edən inkişaf etmiş ölkələri nə dərəcədə qane edir? Bu səbəbdənbu ilin sentyabr ayında yazdığım məqaləmdə 80 dollardan yuxarı neft qiymətlərinin uzun müddət davam etməyəcəyini qeyd etmişdim. Çünki, ABŞ-a neft qiymətlərinin 60 dollardan çox olması sərf etmir.
Əsas səbəblər
Əsas səbəblər: ABŞ hazırda iqtisadi göstəricilərinin ən yaxşı olduğu dövrlərdən birini yaşayır. 2018-ci ilin oktyabr ayı üçün illik inflyasiya 2.5%, eyni tarixə işsizlik 3.7% (son 49 ilin ən yaxşı göstəricisi). Artan neft qiyməti inflyasiyanı artırar və FED dolların faiz dərəcəsini daha sürətlə artırmağa məcbur olar. ABŞ isə hazırda dolların bahalaşmasını istəmir. Bu həm tədiyyə balansına mənfi təsir edər, həm də kapitalın maya dəyərini arıtırır. Digər tərəfdən bu qədər yüksək göstəricilər arxayınçılığa əsas verməməlidir. ABŞ unutmur ki, 1929-cu ilin əvvəlində ABŞ-da işsizlik faizi 3%, illik ÜDM artımı isə 6% olmuş və ardında 1929-1933-cü illər Böyük Depressiya illəri gəlmişdir. (bu fikri yadımızda saxlayaq). ABŞ-da digər bir narahatçılıq da FED-in faiz artımı ilə bağlı tərəddüdləridir (bu ilin avqust ayında yazdığım məqalədə qeyd etmişdim ki, FED sentyabrda faiz artımına gedərək nəbz yoxlayacaq. Təlatümlər olarsa noyabrda faiz artımına getməyəcək. Doğrudan da FED sentyabrda faizləri artırdı, birjalarda kəskin enişlər və təlatümlər oldu və noyabrda faizləri artırmadı). İstiqraz bazarı hələ də öncəki məqalələrimdə səbəblərinə geniş toxunduğum narahat edən amillərdən biridir.
Artan neft qiymətləri ABŞ-da inflyasiya təzyiqini artırır
Yuxarıda qeyd olunanları icmallaşdıraq: artan neft qiymətləri ABŞ-da inflyasiya təzyiqini artırır, bu isə FED-i faiz artımını daha da sürətləndirməyə təhrik edir. Nəticə dolların bahalaşmasıdır ki, ABŞ bunu yuxarıda qeyd etdiyim səbəblərdən və kapitalın bahalaşaraq biznes mühitinə mənfi təsir edəcəyi səbəblərindən hazırda qətiyyən istəmir. (həm də qarşıdan prezident seçkiləri marafonu gəlir). Sual oluna bilər ki, ABŞ neftin qiymətinin artmasını istəmir. Aydındır. Bəs neft ixrac edən böyük dövlətlərin, OPEK-in tədbirləri, İrana qarşı sanksiyalar niyə effekt vermir? Yenə ABŞ-da beyin və analitik təhlil, araşdırmanın gücü amili ortaya çıxır. ABŞ bu tədbirləri artıq çözmüş və neftin qiymətinin artımı ilə bağlı hər bir tədbirə qarşı tədbirlər planını işə salır. Məsələn, analitiklər qeyd edirdilər ki, İrana qarşı sanksiyalardan sonra dünyada tələb-təklif arasında 3 milyon barel fərq yaranacaq. Neft qiymətləri 100 dolları keçəcək. Sonra bu fərq üzrə proqnozlar 2 milyon barelə endi. Sadəcə proqnozlar. ABŞ sadə bir addım atdı. Sanksiyalarda Hindistan, Yaponiya, Cənubi Koreya və digər bir neçə ölkəyə güzəştlər verir (Bir neçə ölkəyə artıq bu güzəştlər verilib. Yəni, bu ölkələr İran neftini ala bilərlər). Qiymətlər düşməyə başladı. Bu dəfə Səudiyyə gündəlik neft istehsalını 500 min barel azaldacağını bildirdi. Lakin, hazırda Qaşıqcı cinayətinə görə ABŞ-ın istəklərinə qarşı getmək imkanında olmadığından bu azalma olmadı, əksinə, istehsal və ixracda artım baş verdi. Nəticədə qiymətlər daha kəskin endi. Digər tərəfdən, neft 60 dollardan yuxarıda olduqca şist neft istehsalı daha da artacaq, neft sənayesinə investisiyaların həcmi böyüyəcək. Rusiya bu gerçəklikləri qəbul etdiyi üçün neftin qiyməti ilə bağlı atılan addımlara qoşulmağa əvvəlki kimi canfəşanlıq etmir. ABŞ-ın bu bazarda əsas oyunçuya çevrildiyi reallığı qəbul olunur.
Bəs neft hansı səviyyələrə düşə bilər?
Neftin qiymət intervalı ilə bazara verilən mesajlar 50-60 dollar intervalıdır. 2016-cı ilin sonlarında yazdığım məqaləmdə qeyd etmişdim ki, bu intervalı pozmağa çalışaraq neftin qiymətini artırmaq ciddi fəsadlar yarada bilər. Neft 80 dolları keçsə də o hədlərdə uzun müddət qalacağını inanmadığımı öncəki yazılarımda (məqalələrimə istinad etməyimin səbəbi müəyyən məsələləri öncə ətraflı işıqlandırdığım üçün təkrara yol verməmək istəyindən burada ətraflı toxunmamaq və vaxt itkisinə yol verməməkdir)vurğuladığım kimi, 45 dollardan aşağı həddə düşsə də uzun müddət qalmayacağına inanıram. Bunun da bir çox səbəbləri var və növbəti yazılarda ətraflı toxunacam.
Nəhayət, son zamanlar mətbuatda müxtəlif fikir və yanaşmalarla işıqlandırılan bir məsələyə risklərin idarə edilməsi sahəsindəki mütəxəssis kimi fikir bildirmək istərdim. Rusiya Mərkəzi Bankının Sədri E.Nabiullina senari testlərinə 35 dollar həddini daxil etdiklərini və neft qiymətlərinin bu həddə düşəcəyi təqdirdə Rusiya üçün nəticələrin pis olacağını bildirib. Bu o demək deyil ki, xanım Nabiullina neft qiymətlərinin 35 dollar olacağını proqnozlaşdırır. Xeyr. Sadəcə risklərin idarə edilməsi metodlarından biri də stres testlərin keçirilməsidir. Bu stres testlərdə isə optimist, normal və pessimist senarilər tətbiq olunur. 35 dollar həddi isə ən pis variant (pessimist senari) kimi tətbiq olunub. Bu bir proqnoz deyil, xəbərdarlıqdır ki, bu hədd bizim üçün təhlükəlidir.
Yuxarıda qeyd olunanlar bizə nəticə çıxartmağa imkan verir ki, neft ixrac edən və idxal edən ölkələr qiymət müharibəsindən daha çox ciddi danışıqlara gedərək ortaq məxrəc tapıb hər 2 tərəfi qane edən sabit interval müəyyən etməlidirlər. Əks halda qiymətlərdəki bu qədər yüksək volatillik (dəyişiklik) hər iki tərəfə zərər verməkdə davam edəcək, təlatümlər gətirəcək. Neft qiymətləri yenidən 80 dollara qalxa bilər, amma o həddə uzun müddət qalma ehtimalı azdır. 45 dolların altına enə bilər, amma o həddə də uzun müddət qalma ehtimalı azdır. Lakin, bu qalxma və enmələr müəyyən zaman periodlarında davam etdikləri üçün həmin müddətlərdə müvafiq ölkələrin iqtisadiyyatlarına kifayət qədər mənfi təsir göstərir. Lakin, bu həll yolunu da çətinləşdirən bir sıra amillər vardır. Əsas amillərdən biri isə Rusiya (Suriya, Ukrayna, Krım məsələlərində ortaq nöqtənin tapılmaması) amilidir…
MÜƏLLİF
Elman Sadıqov
©fins.az