24 C
Baku
Wednesday, June 25, 2025

TAP AG iyulda qaz kəmərinin gücünün artırılmasının I mərhələsi üçün infrastruktur işləri aparacaq

Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) operatoru olan TAP AG boru kəməri şirkəti, iyulda qaz kəmərinin gücünün ildə 1,2 milyard kubmetr artırılması çərçivəsində infrastruktur işlərinin növbəti mərhələsini həyata keçirəcək.

Bu barədə şirkətin məlumatında bildirilir.

“TAP AG iyulun 9-dan 26-na qədər TAP boru kəməri boyunca onun gücünün artırılması layihəsi çərçivəsində infrastruktur işləri planlaşdırıb. Bu baxımdan, iyulun 9, 16, 21 və 25-i üçün “Kipoi” birləşmə nöqtəsində (IP) gözlənilən texniki güc gündəlik 349 milyon 887,515 min kVt/saat, “Melendugno” IP-də isə gündəlik 290 milyon 866,796 min kVt/saat təşkil edəcək”, – şirkət bildirib.

Operatorun məlumatına görə, hazırda TAP ilə birləşmə nöqtələrində heç bir güc məhdudiyyəti nəzərdə tutulmayıb.

Məlumat verildiyi kimi, 2021-ci ildə bazar sınaqlarının nəticələrinə əsasən, 2026-cı il yanvarın 1-dək boru kəmərinin gücünü ildə 1,2 milyard kubmetr qaz artırmaq barədə öhdəliklər götürülüb. Bu həcmlərdən 1 milyard kubmetri 2026-cı ildən İtaliya, daha 200 milyon kubmetri isə Albaniya alacaq. Bu, genişləndirmə layihəsinin ilk mərhələsidir və TAP-ın öz vəsaiti hesabına maliyyələşdirilir. Layihənin büdcəsi təxminən 132 milyon avrodur. Bu mərhələ çərçivəsində Kipoidəki mövcud kompressor stansiyasında daha bir kompressor aqreqatı quraşdırılacaq və avadanlıqların modernizasiyası aparılacaq.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Onun ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Azərbaycan və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 16 milyard kubmetrə çatmalıdır. TAP-ın genişləndirilməsinin birinci mərhələsi çərçivəsində İtaliya 1 milyard kubmetr, Albaniya isə 200 milyon kubmetr Azərbaycan qazı alacaq.

İndiyə qədər TAP vasitəsilə Azərbaycandan Avropaya 45,6 milyard kubmetr qaz tədarük edilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər