12 C
Baku
Sunday, October 27, 2024

TAP hesabına Azərbaycanın qaz ixracından gəlirləri noyabrda 11 dəfədən çox artıb

Bu ili yanvar-noyabr aylarında Azərbaycan 4,479 mlrd. ABŞ dolları dəyərində 18,256 mlrd. kubmetr təbii qaz ixrac edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə, ixrac olunan qazın həcmi 48,7%, dəyəri isə 2,1 dəfə artıb.

Qeyd edək ki, artım Azərbaycan qazını Avropaya daşıyan ötən il dekabrın 31-də istismara verilən Trans-Adriatik boru kəməri (TAP) hesabıba baş verib. Bundan əlavə, dünya bazarlarında qazın bahalaşması da ixracdan əldə edilən gəlirlərə müsbət təsir edib.

Təkcə noyabr ayında Azərbaycan xaricə 1,528 mlrd. dollarlıq 3,329 mlrd. kubmetr təbii qaz ixrac edib ki, bu da ötən ilin noyabr ayı ilə müqayisədə həcm ifadəsində 2,2 dəfə, dəyər ifadəsində isə 11,4 dəfə çoxdur.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə “mavi yanacağ”ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər