4 C
Baku
Monday, February 26, 2024

TAP payızda əməliyyatlara hazır olacaq

Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Təbii Qaz Boru Kəməri (TAP) bu ilin oktyabr-noyabr ayında yekunlaşacaq.

Bunu Xəzər Siyasi Mərkəzinin (CPC) COVİD-19-un enerji sektoruna təsiri ilə bağlı keçirdiyi onlayn müzakirədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.

“Qlobal pandemiyaya və şirkətlərin İtaliyanın cənubunda boru kəmərini inşa edə bilməyəcəyi, Albaniya və İtaliya arasındakı hissənin birləşdirilməsinin vaxtında yekunlaşmayacağı ilə bağlı bəzi şübhələrə baxmayaraq, kəmərin vaxtında, bu ilin oktyabr-noyabr aylarında əməliyyatlara hazır olacağını bildirməkdən məmnunuq”,- SOCAR-ın vitse-prezidenti qeyd edib.

O, SOCAR-ın Xəzərin şərq hissəsindəki ölkələrlə əməkdaşlığından da danışaraq deyib ki, Türkmənistan hökumətinə SOCAR-ın Aşqabadda ofisinin açılması təklif edilib. E. Nəsirov bilirib ki, SOCAR Türkmənistandan xam məhsul alaraq Bakıda Neft Emalı Zavodunda emal edir və bu ölkənin xam məhsulundan istehsal olunan təyyarə yanacağı Avropaya və Əfqanıstana ixrac olunur:

“Vacib məsələlərdən biri də Xəzər üzərindən karbohidrogenlərin nəqlidir. Son iki ildə Azərbaycan üzərindən dünya bazarına təxminən 5 mln ton maye neft nəql olunub. Bu isə o deməkdir ki, Trans-Xəzər Enerji dəhlizi artıq mövcuddur. İrana qarşı sanksiyalardan öncə Türkmənistan qazının İrandan Azərbaycana və Gürcüstana nəqli məsələsi ilə məşğul idik. Yəni hətta Trans-Xəzər Boru kəməri inşa olunmadan da qazın nəqli mümkündür. Xəzər dənizinin statusu ilə bağlı konvensiyanın imzalandığı və Cənub Qaz Dəhlizinin demək olar ki, tam fəaliyyətə başladığı bir vaxtda Xəzərin karbohidrogen resurslarının Avropaya nəqlini dayandıra biləcək heç nə yoxdur”.

Son xəbərlər
Digər xəbərlər