6 C
Baku
Sunday, December 15, 2024

TAP rəsmisi: “Qaz Avropanın enerji bazarında qalacaq”

Avropa İttifaqının (Aİ) faydalı qazıntılarla bağlı cari qanunvericiliyinə ciddi dəyişikliklər ediləcək.

Bu məsələ ilə bağlı açıqlama verən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) konsorsiumunun Direktorlar Şurasının üzvü Murad Heydərov bildirib ki, yeni təlimat Avropa qaz bazarının yeni reallıqlara uyğun fəaliyyətinin normativ bazasının yaradılmasına xidmət edəcək.

“Burada isə iki reallıq var. Bunlardan biri Avropa İttifaqının iqlim dəyişikliyi gündəmi istiqamətlərinə uyğunlaşmaq və cari qaz böhranı ilə bağlı çağırışlara cavab verməkdir”, – TAP-ın rəsmisi qeyd edib.

M. Heydərov bildirib ki, bunun üçün də baza təlimatına dəyişikliklər edilib: “Faktiki olaraq, normativ baza yenilənib. Nəzərdə tutulur ki, təbii qaz faydalı qazıntı kimi təmiz enerjiyə keçid olaraq mövcud olacaq və onu heç kəs qadağa etməyəcək. Eyni zamanda, aşağı səviyyəli karbohidrogen məhsullarına, hidrogen və biometan da daxil olmaqla keçid üçün imtiyazlar və təşviq sistemini əhatə edəcək”.

TAP rəsmisi qeyd edib ki, bu təlimatda həmçinin cari qaz müqavilələrinin 2050-ci ilə qədər işləyəcəyini və 2024-cü ildən başlayaraq nəqletmə şəbəkələrinin operatorları hidrogen qarışıqlı məhlulun 5 %-ni nəql etməli olacaqlar: “Həmçinin, Avropa İttifaqının qaz qıtlığı və müvafiq olaraq qaz böhranı yarandığı halda nə cür reaksiya verməsi müəyyən ediləcək. Bundan başqa, bu təlimatda bir sıra Avropa ölkələrinin qaz böhranları zamanlarında istifadə edilməsi üçün kollektiv şəkildə qazın alınması ilə bağlı təklifləri öz əksini tapıb. Belə bir təkliflə İspaniya çıxış edirdi və bu da bu sənəddə öz əksini tapıb. Bütün bu texniki yeniliklər Avropa İttifaqının qaz sektoru üzrə normativ bazasını müvafiq olaraq Avropanın iqlim gündəmi və Avropa İttifaqının karbohidrogen neytrallığı üzrə öhdəliyinə dair sazişinə nail olmasına, eyni zamanda qaz böhranları yarandığı hallarda çevik reaksiyaların əldə edilməsinə kömək edəcək”.

Qeyd edək ki, ötən gün Avropa İttifaqı bir daha Azərbaycanın iştirakı ilə həyata keçirilən qlobal layihələri dəstəklədiyini vurğulayıb. Söhbət, Avropa İttifaqının Cənub Qaz Dəhlizi layihəsinin inşasının yekunlaşmasına verilən dəstəkdən gedir. Belə ki, Avropa İttifaqının məlumatına görə, Cənub Qaz Dəhlizi Avropaya qaz mənbələrinin və marşrutlarının şaxələndirilməsi üçün faydalı layihədir.

Bununla yanaşı, Avropa Komissiyası təmiz enerjiyə keçid ilə bağlı yeni təlimatlara əsaslanaraq hər il dərc etdiyi ümumi Avropa maraqlarını [maliyyələşdirilməsi üçün] kəsb edən layihələr siyahısındada dəyişiklik edib

M. Heydərov qeyd edib ki, bu il Cənub Qaz Dəhlizinin layihələrindən heç biri bu siyahıya daxil edilməyib: “Baxmayaraq ki, bundan öncəki illərdə bu layihələr ayrı-ayrılıqda hər hansı siyahılarda təmsil edilib. Bu il isə bu siyahıda nə TAP, nə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP), nə də Cənubi Qafqaz Boru Kəməri yoxdur. Yeri gəlmişkən, dünən yeni prosedurlar qəbul edilib ki, buna əsasən faydalı qazıntılarla bağlı layihələr Avropa İttifaqı tərəfindən dəstəklənməyəcək. Buna müvafiq olaraq, bütün qaz layihəsinin təşəbbüskarları və təşkilatçıları layihənin planlaşdılrılması və layihələndirilməsi zamanı bunları nəzərə almalıdırlar. Qəbul edilən yeni qanunvericilik hər bir Avropa İttifaqının üzvü olan ölkələr tərəfindən qəbul edilməlidir. Bunun üçün də bu sənəd hələlik araşdırılacaq, təhlil ediləcək. Təbii ki, hər hansı müəyyənləşdirlmələr olacaq. Amma bu da irəliyə doğru atılmış bir addımdır. Çünki bu günə qədər qaz layihələri ilə bağlı qeyri-müəyyənliklər vardı. Artıq bundan sonra hər şey müəyyən ediləcək”.

Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), BP (20 %), “Snam” (20 %), “Fluxys” (19 %), “Enagás” (16 %) və “Axpo” (5 %) şirkətləridir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər