TAP səhmdarlarından biri gəlirlərini artırmaq niyyətindədir

Transadriatik Boru Kəməri (TAP) layihəsinin səhmdarlarından olan İtaliyanın “Snam” şirkəti “yaşıl” müəsisələr yaratmağı nəzərdə tutan yeni plana əsasən daha yüksək gəlir və dividend əldə etmək niyyətindədir.

Banker.az “Report”a istinadən xəbər verir ki, bu barədə Reuters yazıb.

Şirkət 2022-ci ilədək xalis mənfəətinin illik orta hesabla 4 faizdən çox, dividendinin isə 5 faiz artmasını gözlədiklərini açıqlayıb.

Şirkətdən bəyan ediblər ki, ümumi dəyəri 5,7 milyard avro olan məxariclər proqramının 85 faizədək hissəsi nəqliyyat şəbəkələrinə, o cümlədən 200 milyon avroluq vəsait yeni “yaşıl” müəssisələrə yönəldiləcək.

Qeyd edək ki, gəlirlərinin əsas mənbəyi qaz nəqlindən formalaşan, İtaliyanı Avropanın qaz hubuna çevirməyi hədəfləyən “Snam” şirkəti 2020-ci ildə Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP layihəsinə xeyli vəsait yatıraraq nəqletmə gücünü artırmaq üçün ölkənin şimalındakı kəmər qovşaqlarını modernləşdirir.