13 C
Baku
Tuesday, October 22, 2024

Tarif Şurası iclas keçirdi, yeni tarifləri elan etdi

Tarif (qiymət) Şurasının 2017-ci ilin 23 may tarixində növbəti iclası keçirilib. Bu barədə Banker.az maliyyə portalı qurumun rəsmi məlumatına istinadən xəbər verir. İclasda Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.

Belə ki, Dövlət İmtahan Mərkəzinin müraciəti və təklifləri nəzərə alınmaqla dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tarifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na əsasən təsnifatlaşdırılmış 7 qrup üzrə 10-110 manat arasında müəyyənləşdirilib.

İclasda həmçinin, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq yeni qeydiyyatdan keçmiş 200-ə yaxın dərman vasitəsinin qiymətləri təsdiq edilib.

Ümumilikdə, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 10361 dərman vasitəsinin tam siyahısı Şuranın rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilmişdir.

 

Qərarlar ilə saytın “Şuranın qərarları” bölməsi vasitəsilə tanış olmaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər