6 C
Baku
Sunday, December 15, 2024

Tarif Şurası növbəti aydan bu xidmətlər üzrə yeni ödənişləri müəyyənləşdirəcək

Tarif (qiymət) Şurası bu gün keçirilmiş iclasında elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrə ödənişlərin məbləğləri müəyyənləşdirib.

Banker.az xəbər verir ki, bu qərar energetika və iqtisadiyyat nazirliklərinin, Dövlət Neft Şirkəti, “Azərişıq” ASC-nin təklifləri əsasında qəbul edilib.

Məlumata görə, elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakı kimi müəyyən edilib:

– 1 fazlı təchizat üzrə 10 kVt-dək 40 manat/kVt;
– 1 fazlı təchizat üzrə 10 kVt-dan yuxarı 60 manat/kVt;
– 3 fazlı təchizat və aşağı gərginlik üzrə 293 manat/kVt;
– Orta gərginlik üzrə 170 manat/kVt.

Yeni tənzimləməyə əsasən məişət abonentləri üzrə 1 fazlı təchizatda qoşulma tələb olunan gücdən asılı olaraq 1 kVt-dan da başlaya bilər. Bu halda tələb olunan güc 3 kVt-dək olduqda xərc enir, 4 kVt olduqda xərc sabit qalır, 5 kVt və ondan artıq olduqda isə xərc artır. Qeyd edək ki, tələb olunan gücdən asılı olmayaraq əhali üzrə bu vaxta qədər xərc 160 manat təşkil edirdi. Əhali isteklakçılarında 1 fazlı təchizat sxemi üzrə 5 kVt-dək qoşulmalar 97.4% təşkil edir ki, bu da böyük istehlakçı qruplarının xərclərindəki azalmanın əhatə dairəsini göstərir.

Həmçinin yeni ödəmə məbləğlərinə əsasən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərində 1 fazlı təchizat sxemi üzrə aşağı güc qoşulmalarının (20 kVt daxil) ödəniş məbləğləri 60-76% azalır.

3 fazlı və tələb olunan güc 20 kVt-dan 50 kVt-dək olduqda elektrik şəbəkəsinə qoşulma xidmətləri üzrə ödəniləcək məbləğ də azalır. Tələb olunan güc 50 kVt-dan 200 kVt-dək olduqda isə məbləğ artır.

Eyni zamanda, 3 fazlı və yuxarı güc qoşulmalarında şəbəkənin gücləndirilməsi ilə əlaqədar əlavə tələblər aradan qaldırıldığı üçün sahibkarlıq subyektləri yalnız tarifə uyğun ödənişlər edəcək. Bu da şəbəkənin gücləndirilməsi ilə bağlı sahibkarların xərclərini aradan qaldırmaqla ümumi xərclərinin azalmasına səbəb olacaqdır.

Qazpaylayıcı şəbəkəyə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakı kimi müəyyən edilib:

– Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə layihə smeta sənədlərinin hazırlanması da daxil olmaqla məişət qaz qurğularının (ümumi qaz sərfiyyatı 10 m3/saat olan) düz xətt üzrə 100 metr məsafədə yerləşən şəbəkəyə texnoloji və fiziki qoşulma xidməti üzrə birlikdə – 271 manat;

– Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin şəbəkəyə fiziki qoşulma xidməti üzrə – 160 manat.

“Yeni tənzimləmələrə qədər qazpaylayıcı şəbəkəyə qoşulma işləri istehlakçılarla podratçılar arasında razılaşmaya uyğun qiymətlə həyata keçirilirdi. Yəni, tənzimləmədən əvvəl istehlakçılara şəbəkəyə qoşulmaq üçün müxtəlif podratçılar tərəfindən fərqli qiymətlər təklif olunurdusa, artıq tənzimləmədən sonra vahid və optimal qiymətlər müəyyənləşib”, – məlumatda deyilir.

Qeyd edək ki, illik qoşulmaların 99%-i məişət qaz qurğularını təşkil edir ki, onun da 96%-i əhali abonentlərinə aiddir. Beləliklə, böyük çoxluqda istehlakçıların qazpaylayıcı şəbəkəyə qoşulması prosesi optimallaşdırılıb və bu sahədə xərclərin azalmasına imkan yaranıb.

“Lakin, ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə və sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması ilə bağlı tikinti obyektləri tənzimlənmiş tariflərlə yalnız fiziki qoşulmaya görə ödəniş edəcəklər. Qoşulma ilə əlaqədar digər işlər, yəni, layihə smeta sənədlərinin hazırlanması, tikinti obyektindən qoşulma nöqtəsinə kimi olan hissədə işlərin görülməsi tənzimlənmədiyi üçün icraçı ilə bağlanmış müqavilələr əsasında sifarişçinin vəsaiti hesabına həyata keçiriləcəkdir.

Elektrik və təbii qaza qoşulmayla bağlı həyata keçirilən yeni tənzimləmələr bu sahədə şəffaflığı artıracaq, istehlakçıların keyfiyyətli xidmətlərdən faydalanmaqla vaxt və xərclərinin optimallaşdırılmasına imkan yaradacaq, enerji təchizatı müəssisələrinin dayanıqlı və keyfiyyətli xidmət göstərməsinə töhfə verəcək”, – Tarif Şurası bildirir.

Qərar iyunun 3-dən qüvvəyə minəcək.

Son xəbərlər
Digər xəbərlər