Tarixdəki 4-cü sənaye inqilabı nə vəd edir?

Dünya İqtisadi Formunun (World Economic Forum) bu ay hazırlanmış “2018 Qlobal Rəqabətlilik Hesabatı”-da 4-cü Sənaye İnqilabı da əsas götürülərək yeni formatda rəqabətlilik indeksi tətbiq edildi. Hesabatda qeyd edilir ki, 4-cü Sənaye inqilabının mürəkkəbliyi, əhatə dairəsi və miqyası o qədər geniş olacaq ki, bəşəriyyətin yaşayış şəraiti, həyat normaları və düşüncə tərzi tamamən dəyişəcək. Bəzi alimlər hətta bu inqilabın bəşər və insan sözünün tərifini dəyişəcəyini iddia edirlər. Dünya İqtisadi Formunun yaradıcısı və rəhbəri Klaus Schwab öz kitabında yeni sənaye inqilabının potensialının qorxunc olduğunu və inqilabın bəşəriyyət üçün həm böyük şans, həm də görülməmiş təhlükə kimi qeyd edir. Bəs bütün dünyanın diqqət mərkəzində olan 4-cü sənaye inqilabını fərqləndirən əsas cəhətlər, onun əsas prespektivləri və təhlükəli xüsusiyyətləri nələrdir?

4-cü sənaye inqilabının tərifini tapmaq üçün ilk öncə tarixə qayıdıb digər inqilabların necə baş verdiyinə nəzər salmaq lazımdır. Birinci sənaye inqilabı suyu və buxarı istifadə edərək, istehsalı müəyyən qədər mexanikiləşdirdi. İkinci sənaye inqilabı zamanı bəşəriyyət elektriklə tanış oldu və kütləvi istehsala başladı. Nəhayət, ötən əsrin ortalarında 3-cü sənaye inqilabı (rəqəmsal inqilab) baş verdi və elektronika və texnologiya sayəsində insanlar istehsalı avtomatlaşdıra bildi. 4-cü sənaye inqilabı isə iş yerlərində ağıllı texnologiyaları tətbiq etməklə 3-cü inqilabın avtomatlaşdıra bilmədiyi bütün sahələr avtomatlaşdırıla bilər. Bu sənaye inqilabını fərqləndirən əsas cəhət onun sürəti, əhatə dairəsi və sistematik effektidir. 4-cü sənaye  inqilabını daha yaxşı başa düşmək üçün bir neçə nümunə göstərmək olar. Yeni nəsil “İphone”da olan səslə hərəkətə keçən Siri əlavəsi 4-cü inqilabın parlaq nümunəsidir. Və yaxud, həftəsonu Bakıda olan robot Sofiya dünyanın əhəmiyyətli ölçüdə dəyişəcəyinin xəbərçisidir. İnsanlarıın suallarına cavab verə bilən bu robotlar üçün təkrarlanan işləri görmək və istehsal prosessində insanı əvəz etmək elə də çətin deyildir.

4-cü inqilabın əsas ümidverici potensialı bəşəriyyət üçün həyatı daha da asanlaşdırması və yaşayış şəraitinin keyfiyyətinin yüksəlməsidir. Yeni ağıllı cihazların tətbiqi ilə insanlar təbiət hadisələri haqda daha öncədən xəbər tutmaqla itkilərin qarşısını müəyyən qədər ala bilər. Ən ümidverici potensial isə yeni kvant kompüterlərin tətbiqi ilə kompüter sistemlərini sürətləndirmək və daha əvvəl mümkün olmayan qədər informasiyanı bir yerdə toplamaqdır. Daha geniş həcmdə məlumat bazasına girişin olması, insanların təhsil və dünyagörüşünü artırmaqla, iqtisadiyyata yeni işçi qüvvəsi cəlb olunması ilə nəticələnəcək. Həmçinin, yeni inqilabla bərabər insanların orta yaş həddi artacaq və əvvəllər çarəsi tapılmayan xəstəliklərin həlli yeni texnologiyanın tətbiqi ilə mümkün olacaq. Ümumiyyətlə yeni texnologiyaların tətbiqi ilə bütün istiqamətlərdə görünməmiş rəqəmsal inkişaf olacaq ki, bu da istehsal və iqtisadiyyatda insan faktorunun rolunu azaldacaq.

Bu inqilabın bu qədər müsbət təsirləri olacaqsa, bəs hansı mənfi təsirlərdən söhbət gedə bilər?

Yuxarıda da qeyd edildiyi kimi, insan faktorunun zəifləməsi əmək bazarında kütləvi işsizliyə səbəb ola bilər. Texnologiyanın tətbiqindən əvvəl minlərlə işçiyə tələbi olan müəssisələr, yeni texnologiya ilə bir neçə işçi ilə eyni həcmdə istehsal edə biləcəklər. Bəzi peşə və ixtisaslar ümumiyyətlə yoxa çıxacaq. Belə ehtimalın və bundan qaynaqlanaraq kapitalismin yox olması fikrini ən gözəl izahını Jeremy Rifkin  öz  “The Zero Marginal Cost Society”kitabında vermişdir.  İnsanların qabiliyyəti yalnız texnologiyanın tətbiqi ilə ölçüləcək. Bu isə o deməkdir ki, əmək bazarında tələbi texnoloji qabiliyyət formalaşdıracaq. Onu da qeyd etmək lazımdır ki, kvant kompüterlərinin tətbiqi ilə kompüterlərimiz indiki kimi yalnız bizə xidmət edən, bir neçə standard proqramın olduğu, internetə giriş üçün istifadə edilən alət olmaqdan daha çox işə yarayacaq. Ancaq indidən mütəxəssislər kvant kompüterlərinin tətbiqi ilə, dünyada kiber təhlükəsizliyin qalmayacağını, internetdə istənilən şəxsi məlumatın təhlükə altında olacağı fikrindədilər. Bütün fəaliyyətimiz kvant kompüteri olan şəxslər tərəfindən izlənilə bilər. Həmçinin iş yerlərində və cəmiyyətdə robot və texnologiyaların tətbiqi dünyada “xalq mədəniyyəti”  deyilən anlayışın yox olması ilə nəticələnəcək. Yeni texnologiyaların tətbiqi o qədər qorxulu ola bilər ki, hətta insanlar öz ruh və şəxsi keyfiyyətlərini də itirə bilərlər.

Dünyanın iqtisadi xəritəsinə diqqət yetirsək, inkişaf etmiş ölkələrin iqtisadiyyatlarının inkişaf etməkdə olan ölkələrdən dəfərlə böyük olduğunu görərik. Bu fərq iqtisadiyyatın bütün sahələrində özünu göstərir və inkişaf etmiş ölkələr məhz inkişafın yaratdığı iqtisadi tələbi qarşılamaq üçün inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına ehtiyac duyurlar. İnkişaf etməkdə olan ölkələr isə iqtisadiyyatın bir sahəsi üzrə müqayisəli üstünlük əldə edərək ixtisaslaşır və böyüyür. Ancaq 4-cü sənaye inqilabının tətbiqi ilə bu trend yox ola bilər. Çünki, 4-cü inqilabın gətirdiyi texnoloji yeniliklər digər 3 inqilabdan daha baha olacaq və sözsüz ki, tətbiqi üçün ilk öncə normal infrastuktur olması şərtdir. Texnologiyaların baha olması, onların bütün dünya ölkələrində tətbiqini çətinləşdirəcək. İndiyə qədər iqtisadiyyatın hər-hansı sahəsində inkişaf etməkdə olan ölkələrdən asılı olan inkişaf etmiş ölkələr, yeni texnologiya ilə asılılığı aradan qaldıra biləcək və daha da effektiv üsullarla istehsal edə biləcək. Onsuz da 3-cü sənaye inqilabını tamamən mənimsəməmiş ölkələr yenə də 4-cü inqilaba illər sonra başlaya biləcək. Deməli, inkişaf etmiş ölkələrlə inkişafda olan ölkələr arasında iqtisadi uçurum daha da artacaq.

Sənaye inqilabları adətən dinamik, dağıdıcı və ya tamamən məhvedici olur. 4-cü sənaye inqilabı digər inqilablardan fərqli olaraq insanı gücləndirmək və inkişaf etdirmək yerinə, insanın özünün bir neçə sətir proqram kodu ilə əvəz edilməsi ilə nəticələnə bilər. Yeni sənaye inqilabı onu vaxtında tətbiq edənlər üçün limitsiz imkanlar açır. İqtisadi cəhətdən isə kasıb olan ölkələr daha da kasıblaşacaq, varlı və inkişaf etmişlər isə daha da varlanacaq. Hər bir halda elm və texnologiya inkişafın yeni mərhələsinə qədəm qoyub və bu dəyişikliklər maddi və mənəvi hər şeyin tərifini dəyişə bilər.

— Müəllif —
Ali Dadashzade, ACCA