“Tatneft” Azərbaycanda ən qədim yataqlardan biri olan Bibiheybətin işlənməsi layihəsinə daxil olacaq və burada SOCAR ilə birlikdə texnologiyaların tətbiqi üzərində iş aparacaq.
Bunu “Tatneft” in rəhbəri Nail Maqanov Almetyevskdə keçirilən V Beynəlxalq Neft-qaz Gənclər Forumunun iştirakçıları ilə neft şirkətlərinin ənənəvi “Bərabərhüquqlu dialoq” sammiti zamanı deyib.
“SOCAR ilə bizim çox sıx əməkdaşlığımız var. Biz indi Bibiheybət yatağında işləri aparmağa hazırlaşırıq, burada SOCAR-dan olan həmkarlarımızla birlikdə mövcud texnologiyaların tətbiqi ilə məşğul olacağıq”,-deyən “Tatneft” rəhbəri Bibiheybətin Azərbaycanın ən qədim yataqlarından biri olduğunu qeyd edib.
N. Maqanov əlavə edib ki, “Tatneft” Türkiyədə də SOCAR ilə birgə işləyir və neft-kimyanın inkişafı və neft emalı zavodlarının yenidən qurulması sahəsində fəal iş aparır. “Biz həmkarlarımızla bu sahələr üzrə birgə işləməkdən məmnunluq duyuruq”, – deyə N.Maqanov qeyd edib.