Pərviz Heydərov yazır…
Hazırda qlobal iqtisadiyyat üçün iki ən mühüm ciddi təhdid sayılan enerjidaşıyıcıları üzrə böhran və bir də inflyasiya, yəni qiymət artımı kimi məsələlərin öz həllini tapması üçün getdikcə daha ciddi səylər göstərilir. Buna səbəb qarşıdan payız, sonra isə qış mövsümünün gəlməsidir.
Yeri gəlmişkən, qeyd olunan təhdidlərdən ikincisi, yəni inflyasiya və qiymət artımı məsələsi özünü xüsusən də taxıl məhsulları üzrə yarana biləcək qıtlıq təhlükəsində göstərirdi.
Odur ki, bu günlərdə Ukrayna taxılının Qara dəniz limanları vasitəsilə ixracına dair Türkiyənin səyi nəticəsində əldə olunan razılaşma böyük rezonans doğurdu. Atılan bu addımlar isə dərhal, qiymətlərdə özünü göstərdi.
Ümumiyyətlə, sözügedən saziş dünyada taxıl bazarında mövcud gərginliyi azaltmaq məqsədi daşıyırdı və nəticə etibarilə də gərginlik azaldı və dünya bazarında sakitlik yarandı.
Düzdür, qiymətlər çox ucuzlaşmayıb və kəskin ucuzlaşması da gözlənilən deyil.
Əsas o idi ki, bazardakı ajiotaj aradan qalxsın.
Sözügedən razılaşma ilə taxıl problemi tam həllini tapa da bilməz, ona görə ki, Rusiya-Ukrayna arasında müharibə hələ davam edir və dünyada ümumi gərginlik var.
Odur ki, taxıl böhranının qısa zamanda aradan qalxacağı absurd gözləntidir.
Bunu həm də o amil şərtləndirir ki, Rusiya ilə Ukrayna dünyada taxıl istehsalı, tədarükü və ixracı sahəsində çox böyük paya sahibdirlər. Hər iki ölkə arasında müharibənin davam etdiyi müddətdə, bu ölkələrdə əvvəlki dövrdəki kimi taxıl istehsalı və ixracı qeyri-mümkün sayılır.
Yəni, dünyada taxıla olan tələbatın ödənilməsində problemlər qalacaq. Hətta vəziyyət bir az da çətinləşə bilər. O baxımdan ki, qıtlıq təhlükəsi ortadan qalxmayıb.
Yeri gəlmişkən, bir məsələni də nəzərə almaq lazımdır ki, dünyada taxıl böhranı heç də Rusiya-Ukrayna müharibəsinə görə yaranmayıb.
Taxıl böhranı 2020-ci ildən özünü göstərməyə başlamışdı. Müharibə isə bunu dərinləşdirdi. İstanbulda imzalanmış saziş “odun üzərinə su tökməyə” bənzədi ki, problemin tam həlli üçün isə ilk növbədə müharibə dayanmalı və Rusiya-Ukrayna ilə yanaşı, digər ölkələrdə də taxıl istehsalı və tədarükü pandemiyadan əvvəlki vəziyyətə qayıtmalıdır.
Bu arada ölkə başçısının imzaladığı Fərmanla ərzaqlıq buğda ilə özünütəminetməni yüksəltmək üçün bir sıra tədbirlərin nəzərdə tutulması xüsusən yerinə düşdü. Belə ki, bizdə ərzaq təhlükəsizliyi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə məsələsinin həll tapması üçün bilavasitə taxıl problemi çözülməlidir.
Yəni, birdəfəlik olaraq.
Bəli, indiyədək ölkəmizdə taxılçılığa çox diqqət yetirilib. Ümumiyyətlə, əsas ərzaq məhsulları ilə özünütəminetmə məsələsi bizdə həyata keçirilən sosial-iqtisadi siyasətdə əsas prioritet sayılıb və sayılır. Bu məqsədlə aqrar sahəyə dövlət dəstəyi mexanizmlərini durmadan təkmilləşdirmək və yeni addımlar atmaq həmişə diqqət mərkəzindədir.
Lakin təəssüf ki, hələ də kənardan asılı vəziyyətdəyik. Bu faktın özü daxili bazarımızı daim risk altında saxlayır. Başqa sözlə, ərzaq təhlükəsizliyi məsələsinin həll tapmadığını diktə edir.
Ona görə də hökumət ölkədə taxıl istehsalı və tədarükündə məhsuldarlığı artırmağa çalışır. O cümlədən, işğaldan azad olunan ərazilərimizin də xüsusi töhfələr verəcəyi gözlənilir.
Odur ki, subsidiyaları artırmaq, yeni təsərrüfat formaları və üsulları yaratmaq, dövlət dəstəyi mexanizmlərinin daha çox stimullaşdırıcı xarakter kəsb etməsinə nail olmaq nəzərdə tutulan əsas tədbirlər sırasındadır.
Qlobal iqtisadiyyat üçün enerjidaşıyıcıları üzrə böhranla əlaqədar birinci təhdidə gəldikdə isə, ötən yazılarımızın birində qeyd etdiyimiz kimi, yaxşı ki, Azərbaycan enerjidaşıyıcıları sarıdan asılı vəziyyətdə olan ölkələr siyahısında deyil və bu cəhətdə biz çox şanslıyıq.
Ölkəmiz də əgər Avropa İttifaqı ölkələri kimi enerjidaşıyıcıları sarıdan asılı vəziyyətdə olsaydı, onda bizdə bu gün vəziyyət heç də ürəkaçan olmazdı.
Lakin enerjidaşıyıcılarının bahalığı inflyasiyanı alovlandırır. Eyni zamanda sözügedən göstərici hazırda bütün dünyada da yüksək sürət nümayiş etdirir.
Əsas ərzaq məhsulları üzrə özümüzü mümkün dərəcədə maksimal həddə təmin edə bilsək, bundan da yaxa qurtara bilərik.